Ekspert Asim Vəliyevdən valideynlərə XƏBƏRDARLIQ!

Screenshot
0 Shares

Şəhər həyatı, iş qrafikinin sıxlığı, reklamların şüuraltına təsiri, bəzən də tənbəllikdən qaynaqlanaraq bir çox insanlar fast-food restoranlarına üz tutur. Özləri ilə yanaşı, əksəriyyətlə azyaşlı uşaqlarını da bu restoranlara aparır. Bir çox hallarda valideynlər bəzən uşağı sevindirmək, bəzən rahatlıq, bəzən də vaxt qıtlığı səbəbindən belə qidalara müraciət edirlər. Amma nəzərə almalıyıq ki, 3–4 yaş dövründə uşaqların qidalanma vərdişləri çox sürətlə formalaşır və onlar nəyi tez-tez görürlərsə, gələcəkdə də ona meylli olurlar. Buna görə fast-food-u adi və normal qida kimi təqdim etmək düzgün deyil”.

Bunu Demokrat.az-a açıqlamasında qida eksperti Asim Vəli deyib. O bildirib ki, fast-food-un əsas problemi tərkibində çox duz, şəkər və sağlam olmayan yağların olmasıdır:

“Bu qidalar yüksək kalorili olduğu halda, vitamin-mineral baxımından çox kasaddır. Bəzən də fast-food-da istifadə olunan ətlərin mənşəyi bəlli olmur. Bu qidalar uşaqları doyursa da, orqanizminə lazım olan qidalandırıcı maddələri vermir. Nəticədə uşaq doyur, amma həqiqi qida almır. Kiçik yaşda bu cür qidalanma artıq çəkiyə, piylənməyə, gələcəkdə şəkərli diabet və ürək-damar problemlərinə zəmin yarada bilər. Bu təhlükə böyük yaşlarda da mövcuddur, amma azyaşlı uşaqlarda çox daha sürətlə təsir göstərir”.

Ekspert bildirib ki, digər tərəfdən, fast-food uşaqlarda dad vərdişlərini dəyişdirir:

“Məsələn, həmişə çox duzlu və çox ədviyyatlı yeməklərə alışan uşaq daha təbii ev yeməklərinin dadını bəyənmir və onları yeməkdən imtina edir. Bu isə uzun müddətdə qida seçiciliyi, iştahsızlıq və balanssız qidalanmaya gətirə bilər. Üstəlik, fast-food qidalara qatılan natrium qlutamat adlı qatqı maddəsi uşaqlarda bağımlılıq yaradır. Şirin qazlı içkilər də ciddi təhlükə yaradır. Həm dişlərin tez xarab olmasına səbəb olur, həm də şəkər qəbulunu kəskin artırır.

Bütün bunların psixoloji tərəfi də var. Uşaq fast-food-u mükafat kimi qəbul etməyə başlayır: Valideynimə yaxşı davranım, məni fast-food-a aparsın. Bu hal gələcəkdə emosional yemə vərdişinə, yəni stres, sıxıntı və ya sevincli olduğu zaman sürətli, sağlam olmayan qidalara yönəlməsinə səbəb ola bilər”.

  • Abbaszadə Fidan