Mingəçevir, 23 oktyabr 2025-ci il – “Gənclərin Sağlam İnkişafı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda Peşə Günləri” adlı layihə çərçivəsində Mingəçevir Gənclər Evində genişmiqyaslı forum keçirdi.
Forumun məqsədi gənclər arasında peşə təhsilinə marağın artırılması, əmək bazarının müasir tələblərinə cavab verən bacarıqların təşviqi və peşə təhsili müəssisələrinin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi olub.

Tədbir Mirsirac Siraclının moderatorluğu ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra layihə çərçivəsində peşə təhsilinin önəminə dair hazırlanan videoçarx izlənilib.
Açılış nitqində Mingəçevir Gənclər Evinin direktoru Eşqin Məmmədov gənclərin regionlarda peşə təhsilinə yönləndirilməsinin vacibliyini vurğulayıb: “Peşə təhsili sadəcə iş tapmaq vasitəsi deyil, gəncin öz dəyərini, bacarığını və potensialını reallaşdırması üçün bir yoldur. Biz bu istiqamətdə daha çox gənci maarifləndirməyə çalışacağıq.”
Fəxri qonaq, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında layihənin sosial və iqtisadi əhəmiyyətinə toxunub: “İnkişaf etmiş hər bir ölkə peşə təhsilinə strateji baxır. Gənclərimizin bilik və bacarıqları ilə cəmiyyətə dəyər qatmaları üçün belə təşəbbüslər çox vacibdir.”

Forum iki panel üzrə davam edib. “Peşədən Peşəkarlığa” adlı I paneldə Mingəçevir Gənclər Evinin direktoru Eşqin Məmmədov, “Qida Təhlükəsizliyi Hərəkatı” rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktor əvəzi Lalə Məmmədova spiker olaraq iştirak edib.

Məhsəti Hüseynova gənclərə sağlam qidalanma və gigiyena üzrə ixtisasların artan əhəmiyyətindən danışıb: “Peşə təhsili yalnız texniki bacarıqlar deyil, sağlamlıq və təhlükəsizlik kimi sahələrdə də vacib biliklər qazandırır. Sağlam cəmiyyət üçün sağlam bilik şərtdir.”
Eşqin Məmmədov öz çıxışında qeyd edib ki, peşə təhsilinə verilən dəyər regionların sosial-iqtisadi inkişafı ilə birbaşa bağlıdır: “Hər bir gəncin əlinin peşəsi, beyninin bacarığı olmalıdır. Əmək bazarı peşəkar gənclərə böyük ehtiyac duyur.”

Lalə Məmmədova isə təhsil müəssisələrinin əmək bazarı ilə əlaqəsinin gücləndirilməsinin zəruriliyini vurğulayıb: “Peşə məktəbləri istehsalatla birgə işləməlidir. Gənclər tədris müddətində real təcrübə qazanmalıdır ki, məzun olduqda dərhal əmək fəaliyyətinə başlaya bilsinlər.”
“Peşə və Hüquq: İmkanlar və Çağırışlar” adlı II paneldə “Gənclərin Töhfəsi” İctimai Birliyinin Hüquq Departamentinin direktoru, hüquqşünas Rəşad Nəbiyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Xəyal Hətəmov , Peşə Təhsilli Tələbə və Məzunlar Cəmiyyətinin rəhbəri Şahin Əliyev spiker olaraq iştirak edib.
Rəşad Nəbiyev çıxışında peşə təhsili alan gənclərin əmək hüquqları barədə maarifləndirilməsinin vacibliyini vurğulayıb: “Gənclər bilməlidir ki, peşəkar olmaqla yanaşı, öz hüquqlarını da bilmələri onları daha güclü və inamlı edir.”
Xəyal Hətəmov isə gənclərlə iş sahəsində dövlətin həyata keçirdiyi proqramlardan danışıb: “Regionlarda gənclərin inkişafına yönələn layihələr onların həm məşğulluq imkanlarını artırır, həm də sosial fəallığını gücləndirir. Bu forum həmin məqsədlərə xidmət edir.”
Şahin Əliyev gənclərin məzun olduqdan sonra qarşılaşdıqları çətinliklərə diqqət çəkərək, cəmiyyətin dəstəyinin önəmini qeyd edib: “Peşə təhsilli gənclər potensial resursdur. Onların bacarığını dəyərləndirmək, işə inteqrasiyasını asanlaşdırmaq hər birimizin vəzifəsidir.”
Spikerlər peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tələbələrdə praktik bacarıqların formalaşdırılması və gənclərin öz istedadlarını ixtisasa çevirməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir interaktiv müzakirə, təqdimat və gənclərin sual-cavab sessiyası ilə davam edib. Forum iştirakçıları arasında peşə məktəblərinin tələbələri, müəllimlər, gənclər təşkilatlarının nümayəndələri və yerli media təmsilçiləri yer alıb.
Forumun sonunda spikerlər təşəkkür palketləri təqdim olunub və layihənin növbəti mərhələsinin digər regionlarda davam etdiriləcəyi elan olunub.




















