Məlumat üçün bildiririk ki, Peşəkar Qənnadçılar İctimai Birliyinin təşəbbüsü, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və Qida Təhlükəsizliyi Hərəkatının tərəfdaşlığı, eləcə də “Altınoğulları”, “Merano Baku”, “İlğım”, “ƏminDad”, “ŞamFi” və “Knife Store” şirkətlərinin dəstəyi ilə “Şirin Zirvəyə Doğru” adlı tort yarışı təşkil olunub. Yarış, Azərbaycanın aparıcı və peşəkar qənnadçılarının bacarıqlarının nümayişi, sahə üzrə mübadilə və təcrübə mühitinin genişləndirilməsi məqsədi daşıyıb.

Tədbirdə ölkəmizin müxtəlif bölgələrini təmsil edən tanınmış 27 qənnadçı iştirak edib. Hazırlanan tortlar peşəkar münsiflər heyəti tərəfindən təqdimat, dizayn, dad keyfiyyəti və yaradıcılıq yanaşması kimi əsas kriteriyalar üzrə qiymətləndirilib. Nəticədə, “Ən Yaxşı Tort” nominasiyası üzrə I, II və III yerin qalibləri mükafatlandırılıb.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.



Açılış nitqləri ilə çıxış edən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev və Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev tədbirin əhəmiyyəti, qənnadçılıq sənətinin inkişafında belə təşəbbüslərin rolu və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.



Tədbir iştirakçıları və tərəfdaşlar tərəfindən böyük maraqla qarşılanan yarış həm də gənc qənnadçıların təşviqi və sahə üzrə peşəkar təcrübə paylaşımı baxımından mühüm platforma rolunu oynayıb.














• Abbaszadə Fidan