“Etil spirti (etanol) müəyyən miqdarda qəbul edildikdə insan orqanizminə toksik təsir göstərə bilər. Lakin ölümə səbəb ola biləcək miqdar, fərdin sağlamlıq vəziyyəti və ona tibbi müdaxilənin vaxtında olub-olmamasından asılıdır”.
Qida Təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, ümumi statistikada yüksək dozalarda etil spirtindən zəhərlənmə hallarının təxminən 5-10%-i ölümcül nəticələnə bilər:
“Ölümcül doza qəbul edildikdə spirt mərkəzi sinir sistemini iflic edir. Bu zaman tənəffüs çatışmazlığı və ürək dayanması baş verə bilər. Yetkin insan üçün ölümcül doza təxminən 4-5 q/kq təşkil edir, yəni 300-400 ml təmiz etanol (96%-li spirt) bir dəfəyə qəbul edildikdə həyati təhlükə yarana bilər”.
Ekspert bildirib ki, texniki spirtlər etanol əsasında hazırlansa da, onların tərkibində zərərli kimyəvi maddələr, metanol və digər toksik birləşmələr olur. Bu səbəbdən texniki spirtlərin içki kimi istifadəsi orqanizmdə ağır fəsadlara səbəb ola bilər.
“Onun əsas zərərli təsirlərindən biri mərkəzi sinir sisteminədir. Bu zaman beyin zədələnməsi, koqnitiv pozuntular, komaya düşmə halları baş verə bilər. Həmçinin bu, görmə siteminə də təsir edir. Belə ki, optik sinirin zədələnməsi ilə qismən və ya tam korluq yarana bilər. Qaraciyərdə hepatotoksik təsirə, qaraciyər çatışmazlığına və sirroza səbəb ola bilər. Ürək-damar sistemində ürək ritm pozuntuları, hipotenziya (qan təzyiqinin enməsi) baş verə bilər”.
A.Vəliyev metil spirtinin (metanol) ən təhlükəli spirt növlərindən biri olduğunu və çox kiçik miqdarının belə insan həyatı üçün ölümcül ola biləcəyini vurğulayıb:
“Onun əsas təhlükəsi orqanizmdə formaldehid və formik turşuya çevrilməsidir. Bu maddələr isə ağır zəhərlənməyə, orqan çatışmazlığına və ölümlə nəticələnən fəsadlara səbəb olur. Həmçinin metil spirtinin (metanol) az miqdarı belə öldürücüdür. Cəmi 10 ml metanol görmə sinirlərini zədələyərək korluğa, 30 ml və daha çox isə ölümə səbəb ola bilər.
İlk simptomlar 6-24 saat sonra meydana çıxır, bu da vaxtında tibbi müdaxiləni çətinləşdirir. Optik sinirin dağılması nəticəsində qismən və ya tam korluq yaranır. Həmçinin koma, tənəffüs dayanması baş verə bilər. Bu səbəblərdən metanolun içilməsi və ya saxta içkilərin tərkibində olması insan üçün ölümcül təhlükə yaradır. Heç bir halda texniki spirtlər, xüsusən də metanol tərkibli məhlullar içilməməlidir”.
Qeyd edək ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər etil spirtindən zəhərlənərək ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
- Abbaszadə Fidan