Özümüzü zəhərləyirik – Sağlamlığımız təhlükə altında! – Mütəxəssis Asim Vəliyevdən AÇIQLAMA: 

0 Shares

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İrandan idxal edilən bir sıra məhsullarda genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkarlanması ilə bağlı araşdırma aparıb. Bu hal idxal olunan məhsulların təhlükəsizlik standartlarına uyğunluğunu gündəmə gətirib. Belə ki, hər gün istifadə etdiyimiz qidaların təhlükəli olması çoxlarında ciddi təşviş yaradır. Məşhur “Yaşamaq üçün yeyirik” misalı da artıq şübhə altına düşür…

Mövzu ilə bağlı Crossmedia.az-a danışan sağlam qidalanma təbliğatçısı Asim Vəliyevin fikrincə, İrandan Azərbaycana idxal edilən məhsullarda GMO-nun aşkarlanması həm ictimai sağlamlıq, həm də iqtisadi təhlükəsizlik baxımından ciddi bir məsələdir: 

“GMO-lu məhsulların idxalının qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bu tədbirləri bir neçə istiqamətdə sıralaya bilərik. İlk növbədə hüquqi və normativ baza möhkəmləndirilməlidir. Azərbaycanda genetik modifikasiya olunmuş məhsulların idxalı və satışı ilə bağlı qanunvericilik daha da gücləndirilməlidir. Xüsusilə, qida təhlükəsizliyi sahəsində sertifikatlaşdırma qaydaları təkmilləşdirilməli, idxal edilən məhsulların hər biri müvafiq analizlərdən keçirilməlidir.  Həmçinin sərhəd və gömrük nəzarətinin daha da gücləndirilməsi vacibdir”.

A.Vəliyev bildirib ki, İranla sərhəd məntəqələrində idxal edilən məhsulların keyfiyyətinə nəzarət edən laboratoriyaların avadanlıqları müasir standartlara uyğun yenilənməlidir:

“Gömrük məntəqələrində GMO aşkarlama cihazlarının istifadəsi məcburi olmalıdır. Vətəndaşların GMO məhsullarının təsirləri barədə məlumatlandırılması üçün maarifləndirmə kampaniyaları təşkil edilməlidir. Həmçinin istehlakçılar, xüsusilə kənd təsərrüfatı məhsulları alarkən onların mənşəyinə dair məlumat əldə etmək imkanına malik olmalıdırlar. İranla idxal-təkrar ixrac əlaqələri yenidən nəzərdən keçirilməli və daha etibarlı ticarət tərəfdaşlarının tapılması prioritet olmalıdır. Eyni zamanda yerli istehsalın artırılması və daxili bazarın GMO-lu məhsullardan asılılığını azaltmaq üçün dəstək proqramları həyata keçirilməlidir.  Monitorinq və cəza tədbirləri gücləndirilməlidir. GMO-lu məhsulların idxalına göz yuman sahibkar və idxalçılara qarşı ciddi cərimələr tətbiq edilməli, belə halların təkrar olmaması üçün mütəmadi monitorinq keçirilməlidir. 

Azərbaycanın qida təhlükəsizliyi strategiyasının bir hissəsi kimi GMO-nun idxalının qarşısının alınması prioritet məsələlərdən biridir. İdxal edilən məhsulların tam təmiz və təhlükəsiz olmasını təmin etmək üçün bu addımlar zəruridir.  

Ümid edirəm ki, bu tədbirlər nəticəsində həm istehlakçıların hüquqları qorunacaq, həm də ölkənin qida təhlükəsizliyi ilə bağlı risklər azaldılacaq”.

~ Abbaszadə Fidan