19 dekabr 2024-cü il tarixində “Peşəkar Qənnadçılar” İctimai Birliyi ilin yekun hesabat tədbirini həyata keçirdi. Tədbirdə təşkilatın sədri Eynur Nağdəliyev cari ildə görülmüş işlər haqqında geniş hesabat təqdim etdi. O, qənnadçılıq sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıq barədə məlumat verdi. Həmçinin, Eynur Nağdəliyev gələcək planlar, qənnadçılıq sənayesində innovativ yanaşmalar və təşkilatın inkişaf strategiyası ilə bağlı ətraflı danışdı.
Tədbir çərçivəsində fəxri qonaqlara da söz verildi. Qonaqlar sırasında ilk olaraq “Azərbaycan Milli Kulinariya Assosiasiyası”-nın sədri Tahir Əmiraslanov çıxış edərək, Azərbaycan kulinariyasının keçmişi, bugünü və gələcəyi barədə ətraflı məlumat vermiş, milli-mədəni irsimizdən biri olan bu sahənin qorunması və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulamışdır.
“Qida Təhlükəsizliyi Hərəkatı”-nın təsisçisi və sədri Məhsəti Hüseynova qida təhlükəsizliyi standartlarının əhəmiyyəti barədə çıxışında geniş məlumat verərək, bu sahədə həyata keçirilən maarifləndirmə və təlimlərdən bəhs etdi. O, qida təhlükəsizliyi standartlarına əməl etməyin həm istehlakçı, həm də istehsalçı üçün faydalarını vurğuladı.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev isə gənclərin cəmiyyətdə və ictimai həyatda fəallığını artırmaq istiqamətində görülən işlərdən danışdı. O, gənclərin təşəbbüskarlığı, ictimai layihələrdə iştirakı və sosial məsuliyyətlərinin artırılması barədə məlumat verdi.
Tədbirdə həmçinin yeni üzvlərin təşkilata qəbulu həyata keçirildi və onların qarşıda duran məqsəd və vəzifələri müzakirə olundu. Həmçinin, könüllülər üzrə koordinator Siraclı Mirsirac, təşkilatımıza verdiyi dəstəklərə görə sertifikatla təltif olunmuşdur.
Peşəkar Qənnadçılar İctimai Birliyinin yekun hesabat tədbiri qənnadçılıq sahəsində əməkdaşlığı gücləndirmək, gənclərin və digər maraqlı tərəflərin aktiv iştirakını təmin etmək məqsədilə uğurlu bir platforma oldu.
~ Abbaszadə Fidan