“Milli Parklarımızı tanıyaq və tanıdaq” adlı layihə çərçivəsində Hirkan Milli Parkına infotur təşkil olundu.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Yeniyetmə və Gənclərə Psixo-Sosialoji Kömək” Fondunun təşkilatçılığı ilə “Milli Parklarımızı tanıyaq və tanıdaq” adlı layihəsi çərçivəsində gənclərin iştirakı ilə Hirkan Milli Parkına infotur təşkil olundu.
Bu infoturun məqsədi tələbələrə Azərbaycanın milli parklarının biomüxtəlifliyi, ekosistemin qorunması, təbiətin dəyəri və ətraf mühitin mühafizəsi ilə bağlı biliklər vermək, onların milli parklara olan marağını artırmaq və təbiət irsimizin gələcək nəsillərə ötürülməsində fəal iştiraklarını təmin etməkdir. Eyni zamanda, tələbələrin ətraf mühit və ekoloji maarifləndirmə sahəsində biliklərinin artırılması, milli parkların əhəmiyyəti və təbiətimizin zənginliyi barədə məlumatların geniş kütləyə çatdırılması məqsədi daşıyır.
Tədbiri giriş sözü ilə açan Layihə rəhbəri, ekofəal və Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxışında layihənin əhəmiyyətinə toxunaraq bildirdi ki, ekoloji maarifləndirmə yalnız bu cür infoturlar vasitəsilə geniş yayıla bilər.
O, tələbələrin ətraf mühitlə bağlı biliklərinin artırılmasının gələcəkdə onların sağlam və ekoloji düşüncəyə sahib vətəndaşlar kimi yetişməsində əhəmiyyətli rol oynayacağını vurğuladı.
Daha sonra Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin müdiri Elnur İbrahimov açaraq milli parkların Azərbaycanın təbiət sərvəti olduğunu vurğuladı. O, bu cür infoturların gənclər arasında parkların vəhşi təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində daha çox bilik əldə etmələrinə şərait yaratdığını bildirdi.
Hirkan Milli parkının rəisi Vüsal Həsənov çıxış edərək qeyd edib ki, burada müxtəlif bitki və heyvan növləri, o cümlədən Azərbaycan Respublikasının Qırmızı Kitabına düşən nadir növlər yaşayır. Daha sonra elmi işçi Həbib Rəhimov Parkın flora və faunası ilə bağlı geniş məlumat verdi və onların həm yerli ekosistemin, həm də regionun təbiətinin qorunmasında mühüm rol oynadığını bildirdi.
Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsinin məsləhətçisi Aytac Xələfli Azərbaycanda yerləşəm Milli parklar, yasaqlıqlar və qoruqlar haqqında məlumat verərək onların özəlliklərindən də bəhs etdi.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev gənclərin ekoloji maarifləndirilməsi və təbiətə qayğıkeş münasibət aşılanmasının gələcək nəsillər üçün zəruri olduğunu qeyd etdi. O, gənclərin bu kimi layihələrdə iştirakı ilə həm fərdi, həm də ictimai məsuliyyət hisslərinin artacağına əmin olduğunu bildirdi.
~ Abbaszadə Fidan