İdmanla məşğul olanların nəzərinə: su içmək vacibdir!

0 Shares

Hər birimiz həyatımızın müəyyən dövründə fitneslə məşğul olur, yaxud olmağı düşünür. Amma sağlam qalmaq üçün yalnız idman etmək kifayət etmir, eyni zamanda qidalarımıza da diqqət etməliyik.

Mövzu ilə bağlı Modern.az-a danışan qida mütəxəssisi Asim Vəliyev bildirib ki, fitnesslə məşğul olduğumuz zaman qidalanmaya diqqət yetirmək həm sağlamlığımız, həm də yaxşı nəticə əldə etmək üçün vacibdir:

“Karbohidratlar enerji üçün əsas mənbədir. Fitness zamanı karbohidratların qəbulunu artırmaq, məşqlərin effektivliyini artırmağa kömək edir. Tam dənli taxıllar, meyvələr və tərəvəzlər sağlam karbohidrat seçimləridir.

Zülallar əzələ qurulması və bərpası üçün vacibdir. Fitneslə məşğul olan insanlar üçün gündəlik zülal tələbi artır. Yumurtalar, toyuq, balıq, noxud, lobya və s. sağlam zülal qaynaqlarıdır. Sağlam yağlar, xüsusilə zeytun yağı, kərə yağı hormon ifrazında və enerji təminatında rol oynayır. Trans yağlardan uzaq durmalıyıq. Vitaminlər və minerallar orqanizmin funksiyalarını düzgün yerinə yetirməsi üçün vacibdir. Meyvələr, tərəvəzlər və tam taxıllar zəngin mikrelementlər mənbəyidir. Enerji səviyyəsini artırmaq üçün məşqdən 1-3 saat əvvəl sağlam karbohidratlar (məsələn, banan, yulaf) qəbul edə bilərik”.

Mütəxəssis qeyd edib ki, məşqdən əvvəl az miqdarda zülal (məsələn, yoğurt) faydalıdır:

“Məşqdən sonra əzələ bərpasına  dəstək olmaq üçün protein və karbohidrat qəbul etmək yaxşı olar. Məsələn, protein kokteyl və meyvə faydalı seçimdir.

Su, orqanizmin temperaturunu tənzimləyir və məşq zamanı maye itkisinin qarşısını alır. Məşqdən əvvəl, məşq zamanı və sonra lazımi qədər su içmək vacibdir. Sağlam qidalanma və düzgün zamanlama məşq performansını artırır, əzələ bərpasını sürətləndirir. Müxtəlif vitamin və minerallar orqanizmin immun sistemini gücləndirir. Şirniyyatlar və rəf ömrü uzun paketli qidalar çox şəkər və doymuş yağlar ehtiva etdiyi üçün enerji səviyyəsini artıra bilər, ancaq performansı azaldır. Çox kalori qəbul etmək kalori balansının pozulmasına, artıq çəkiyə səbəb ola bilər. Çox qida qəbul da məşq zamanı narahatlığa və yorğunluğa səbəb ola bilər”.

  • Hüseynli Nərgiz