COP28 Ermənistanın ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan əhəmiyyətlidir – ŞƏRH

0 Shares

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində ilk dəfə olaraq Azərbaycan Respublikasının öz pavilyonu ilə çıxış etməsi çox mühüm hadisədir. Bu tədbirə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 100 minə yaxın nümayəndə iştirak edir. Azərbaycanın bu qədər genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımdan vacibdir. Çünki dünyada baş verən qeyri-anormal təbiət hadisələri, iqlim dəyişikliyinə səbəb olan amillərin aradan qaldırılması yönündə bu tədbirdə əhəmiyyətli addımlar atılması üçün işlərə imza atılacağı gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, 1970-2021-ci illər arasında ekstremal hava, iqlim və su ilə bağlı hadisələr nəticəsində 12 minə yaxın təbii fəlakət baş verib, nəticədə 2 milyondan çox insan həyatını itirib. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-ə ev sahibliyi etməsi və Azərbaycanın da Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təsis edilməsi ilə bağlı aparılan işlər də bu yolda müsbət rol oynayacaq.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub və son 4-5 ildə iqlim dəyişiklikləri ilə bağlı daha intensiv addım atıb. Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.

İctimai Şuranın üzvü vurğulayıb ki, eyni zamanda, bu konvensiya qlobal müstəvidə əhəmiyyətli maraqlı dairələrin çoxsaylı nümayəndələrinin də iştirak etdiyi COP28 tədbiri Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi ekoterror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan da əhəmiyyətlidir. Bu xüsusda, 2022-ci ildə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ölkəmizin işğaldan azad olunmuş ərazilərinə qiymətləndirmə missiyası həyata keçirilib. Həmin missiya Vətən müharibəsindən sonra Şuşa və Hadruta ilk dəfə səfər edən BMT heyəti olması baxımından da əlamətdar olub. Missiyanın nəticəsi olaraq hazırlanmış hesabat gələcəkdə bütün beynəlxalq platformalarda bizim üçün mühüm istinad sənədidir.

Azərbaycanın “yaşıl enerji” sektorunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirib.

Məhsəti Hüseynova Azərbaycanın “yaşıl enerji” sektorunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. O deyib ki, 2021-ci il mayın 18-də Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev bütün Qarabağ zonasının “yaşıl enerji” zonası olacağını bəyan edib. Azərbaycanın bərpa olunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. Beş Milli Prioritetindən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyub.

2020-ci il yanvarın 9-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi ilə bağlı işlərə başlanılıb və 2020-ci il dekabrın 30-da Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 2022-ci il yanvarın 13-də “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilməsi də bu kimi addımlardandır.

“Bütün ölkələrin meteoroloji xidmətlərinin qarşısında duran vəzifə, həmin xəbərdarlıqları daha əlçatan, məqsədyönlü, ərazini əhatə etmənin yüksək dəqiqliyi və mümkün nəticələrin proqnozu ilə verilməsidir.

BMT tərəfindən irəli sürülən “Hamı üçün erkən xəbərdarlıq” beynəlxalq təşəbbüsü də çox əhəmiyyətlidir. Ümumdünya Meteorologiya Təşkilatı erkən xəbərdarlıqların hər kəsə çatmasını və erkən fəaliyyətə səbəb olmasını təmin etmək üçün BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı və bir sıra digər tərəfdaşlarla əməkdaşlıq edir. Azərbaycan da bu əməkdaşlıqda maraqlıdır. Fəlakətlərin öncədən proqnozlaşdırılması şəhər infrastrukturunun, iqtisadiyyatın və əhalinin uyğunlaşması üçün fövqəladə əhəmiyyət kəsb edir. Bu məsələlərin həll yollarının tapılmasında elmi və texnoloji nailiyyətlərin qazanılmasında erkən xəbərdarlığa nail olmaq insanlara mümkün fəsadlara hazır olmaq və onları məhdudlaşdırmaq imkanı verəcək.

Ümumiyyətlə, COP28-in bütün dünyada və eləcədə Azərbaycanda iqlim risklərinin aradan qaldırılması yönündə səmərəliliyini qeyd etmək lazımdır”, – deyə M.Hüseynova əlavə edib.

  • Hüseynli Nərgiz