Son zamanlar vətəndaşların toyda yedikləri yeməkdən zəhərlənməsi halları tez-tez baş verir.
Bakıvaxtı.az-ın məlumatına görə, hələlik sonuncu sayılan fakt Qəbələdə qeydə alınıb. Belə ki, rayonda 55 nəfər toyda yedikləri qidadan zəhərləniblər.
Toylarda niyə zəhərlənirik? Ümumiyyətlə, toyda verilən yeməklər hansı standartlara cavab verməlidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, qida zəhərlənmələri daha çox yaz və yay aylarında baş verir və buna əsas səblərdən biri temperaturun yüksək olmasıdır ki, yüksək temperaturda mikroorqanizmlər daha tez çoxalırlar.
Ekspert qeyd edib ki, toylarda verilən yeməklər qida təhlükəsizliyi standartlarına cavab verməlidir və bu qaydalar qida hazırlanması, saxlanması və servis zamanı potensial təhlükələrin müəyyən edilərək aradan qaldırılmasını tələb edir. Həmçinin qidanın keyfiyyətini və təhlükəsizliyini təmin etməyə kömək edir:
“Zəhərlənmələrinin baş verməsinin digər bir səbəbi qidanın düzgün saxlanmaması və bişirilməməsidir. Yay aylarında, xüsusilə yüksək temperaturda qidalar daha tez xarab olur, bu isə zəhərlənməyə səbəb olan bakteriyaların, məsələn, salmonella və E. coli-nin inkişafına şərait yaradır. Həmçinin, qidanın hazırlandığı mətbəxin sanitar vəziyyəti və işçilərin qida təhlükəsizliyi barədə bilik səviyyəsi də vacib amillərdəndir”.
Restoran və ketrinq xidmətlərinin bəzi hallarda kadr çatışmazlığı və ya qeyri-peşəkar təlim keçmiş personal səbəbindən qida təhlükəsizliyi qaydalarına tam riayət etməyə biləcəyini vurğulayan A.Vəliyev nəzərə çatdırıb ki, qida hazırlanması və saxlanmasında kiçik səhvlər belə, nəticədə ciddi zəhərlənmə halları ilə nəticələnə bilir:
“Bu cür halların qarşısını almaq üçün qida təhlükəsizliyi qaydalarına nəzarəti gücləndirmək vacibdir. Toylarda və böyük məclislərdə istifadə edilən yeməklərin keyfiyyətini yoxlamaq üçün tədbirlər daha da sərtləşdirilməlidir. Qida təhlükəsizliyi üzrə təlimlər keçirilməli, restoran və ketrinq sahibləri və işçiləri bu mövzuda məlumatlandırılmalıdır”.
Onun sözlərinə görə, dövlət səviyyəsində də önləyici tədbirlər artırılmalı, qida təhlükəsizliyi ilə bağlı qaydalar yenidən nəzərdən keçirilməli və müasir texnologiyaların tətbiqi təmin edilməlidir.
Müsahibimiz qida izolyasiyası üçün yeni metodların, temperaturun nəzarət altına alınması üçün rəqəmsal monitorinq sistemlərinin və s. bu kimi texnologiyaların daha geniş şəkildə tətbiq edilməli olduğunu diqqətə çatdırıb:
“Nəticə olaraq, toy və digər kütləvi tədbirlərdə qida təhlükəsizliyinin təmin edilməsi üçün həm təşkilatçılar, həm də dövlət qurumları ciddi məsuliyyət daşıyır. Maarifləndirmə işləri gücləndirilməli, qida təhlükəsizliyi mövzusu cəmiyyətə geniş şəkildə izah edilməlidir ki, belə xoşagəlməz halların qarşısı alınsın və insanların sağlamlığı qorunsun”.
- Hüseynli Nərgiz