Yağın saxta, yoxsa təmiz olmasını necə müəyyən etmək olar? – ARAŞDIRMA

kərə yağı
0 Shares

Kərə yağı tərkibindəki süd yağının yüksək olması səbəbindən zəngin enerji mənbəyidir.

Beyin sağlamlığı və sinir hüceyrələrinin inkişafı üçün son dərəcə vacib olan və insan orqanizmi tərəfindən istehsal oluna bilməyən “əsas yağ turşuları” kərə yağından başqa heç bir yağda yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xüsusilə ilk 2 yaşındakı uşaqları yağda həll olunan A, D, E və K vitaminlərinin, xüsusilə də kərə yağının mənimsənilməsini asanlaşdıran əsas yağ turşuları ilə zəngin qidalarla qidalandırmağın vacib olduğunu bildirir.

Kərə yağı və marqarin arasındakı fərq nədir?

Kərə yağı südün yağının çırpılması və qatılaşdırılması nəticəsində alınır. Tamamilə təbii heyvan mənşəli məhsuldur. Tərkibində ən azı 82 faiz südün yağı var. (Duzlu kərə yağında bu nisbət yüzdə 80-dir) Qalanı yalnız süddən ibarətdir. Marqarin isə bitki mənşəlidir. Tərkibində bitki yağı, duz, su və emulqatorlar kimi çoxlu inqrediyentlər var.

Kərə yağında trans yağ varmı?

Kərə yağı heç bir kimyəvi prosesdən keçmir. Təbiətində trans yağ yoxdur.

Əsl kərə yağı necə aşkar etmək olar?

Kərə yağının həqiqi olub olmadığını öyrənmək üçün sadə taktikalar:

1- İsti su testi: Bir parça kərə yağı götürüb bir stəkan qaynar suya atın. Kərə yağı bir tikə büzülərək əriyirsə, həqiqidir, parçalanıb suda əriyirsə, saxtadır.

2- Kəsmə testi: Soyuducudan çıxardığınız yağa bıçağı toxundurun. Bıçaq zərbəsi alan yerlər kiçik parçalara parçalanırsa, bu, əsl kərə yağıdır. Bütün yağ çatlayırsa, onun saxta olma ehtimalı olduqca yüksəkdir.

3- Ərimə testi: Kərə yağını otaq istiliyinə buraxın və gözləyin. Yavaş-yavaş yumşaqlaşırsa, yaxşıdır. Ancaq əriyəndə su buraxırsa, saxta olduğundan şübhələnə bilərsiniz.

4- Rəng testi: Kərə yağı əridin. Plakanın üzərinə əriyən və axan hissələrin rənginə diqqət yetirin. Ərinmiş hissələr yağdan daha tünddürsə, tərkibində qida boyası var. Tavada əritdiyiniz kərə yağı göz-gözə və köpüklü olmalıdır. Bu şərtlərə uyğun gəlmirsə, saxta ola bilər. Kərə yağının köpüklənməsinin səbəbi, tərkibindəki suyun sıxlıq fərqinə görə çıxmasıdır.

Kərə yağı saxlamağın ən yaxşı yolu nədir?

Kərə yağını öz qablaşdırmasında saxlamaq məsləhətdir. Soyuducunun ən soyuq yerində üzərindəki yararlılıq müddəti bitənə qədər saxlanmalıdır. Soyuducunun qapısında saxlamaq məsləhət görülmür.

Kərə yağı ətrafdakı yeməklərin qoxularını üzərinə çəkmə qabiliyyətinə malikdir. Ona görə də balıq, ət, pendir və meyvəli qidaların yanında qoyulmamalıdır. Əks halda, kərə yağından daha çox başqa yeməklərin dadını alacaqsınız.

Kərə yağının saxlama müddəti dondurulduqda artır?

Kərə yağı dərin dondurucuda (-18 °C) xarab olmadan təxminən 6-8 ay qalmaq qabiliyyətinə malikdir. Buna görə də, onu dərhal istifadə etməyəcəksinizsə, saxlamaq üçün ən yaxşı yer dondurucudur.

Qablaşdırılmış kərə yağı kiflənirmi?

Qablaşdırılmış kərə yağı da kifləşə bilər. Paket açıldıqdan sonra ətrafdakı mikroorqanizm sıxlığından, ətraf mühitin temperaturundan və bu mühitdə qalma müddətindən asılı olaraq səthdən başlayaraq kif görünə bilər.

Azərbaycanda kərə yağı adı altında spred yağların satıldığı aşkarlanıb. Bu halların qarşısı necə alına bilər? Əsl kərə yağı necə olmalıdır? Onu saxtadan necə ayırd edə bilərik? SİA bu mövzuda araşdırma apararaq mütəxəssislərin fikirlərini öyrənib.

Azad İstehlakçılar Birliyi sədri Eyyub Hüseynov: “Nəhayət ki, Azad İstehlakçılar Birliyi (AİB) bir ay bundan öncə saxta kərə yağının necə hazırlandığını tam şəkildə öyrənib. Üzərində spred yazılmayan və nehrə yağı adı altında satılan yağların, həmçinin yağlı kəsmiklər və qatıqların böyük bir hissəsi süd qalığına marqarinlərin qarışdıraraq, 72 dərəcə temperatura qədər qaynadaraq əldə olunur. Nə qədər qaynadılsa belə yağla 96%-i su olan məhlul qarışmır. Alınan qarışığı isti şəkildə homalizator adlanan cihaza daxil edərək bircinsli maye əldə edirlər. Yəni, yağ molekulları ilə üzsüz süd molekulları bir-birinə diffuz edərək yeni süd əmələ gətirir. Həmin südün yağlılığı süd turşularından deyil, marqarindən yaranıb. Bu süddən isə yalnız ucuz yağ və ya ucuz şor əmələ gələ bilər.

Həmçinin, istehsalçılar yəqin ki bu prosesi bir neçə dəfə təkrar edirlər. İnsanlar isə bu məhsulları gerçəyindən fərqləndirə bilmirlər. Təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi illərdir bu məsələyə aydınlıq gətirmir.

Bunu da nəzərə almalıyıq ki, AQTA qidanın keyfiyyətinə yox, təhlükəsizliyinə nəzarət edir. Şübhəsiz ki, belə məhsullar əhalinin sağlamlığına mənfi təsir göstərir. Ona görə də bu kimi hallara aydınlıq gətirilməlidir”.

Sağlam Qidalanma mütəxəssisi Məhsəti Hüseynova: “Hal-hazırda kərə yağı da satılan saxta məhsullar sırasındadır. Xüsusilə tərkibində rəngləndirici qatılmış trans yağları, palma yağı, marqarini kərə yağı altında satırlar. İstehlakçılar ilk növbədə buna diqqət etməlidir. Bu məhsulların ucuz qiymətə satılması belə onların kərə yağı olmadığını təsdiq edir.

Eyni zamanda, kənd məhsulları adı altında saxta nehrə yağı da satılır. Bu cür qatqılı yağlar ürək-damar xəstəliklərinə, xərçəngin əmələ gəlməsinə səbəb olur.

Bəzi vaxtlar isə istehsalçılar insanları aldatmaq üçün məhsullara rus sözlərinə bənzər ad qoyurlar. Lakin məhsulun arxa hissəsində kiçik hərflərlə yerli istehsal müəssisəsinin adını görmək olar. Bununla da həmin məhsulların Rusiyadan, Ukraynadan, Yeni Zenlandiyadan və digər ölkələrdən gəlmədiyi başa düşülür.

Bugünki gündə market və bazarlarda satılan yağların 85%-i xarici yağ altında Azərbaycanda qablaşdırılır.

Ümumiyyətlə, həqiqi kərə yağının 1kq-nı istehsal etmək üçün mövsümə uyğun olaraq təxminən 20-25 litrə qədər süd lazım olur. Xüsusilə isti aylarda heyvanlar daha yaxşı qidalanaraq daha çox süd verir. Südün yağlılıq dərəcəsi çox olduğu üçün daha çox yağ əldə etmək olur. Lakin soyuq havalarda isə miqdar nisbətən aşağı düşür. Ona görə xalis kərə yağının minimum qiyməti 9 manatdan yuxarı olmalıdır. Həmçinin, laborator analizlərdən başqa təbii kərə yağını saxtasından fərqləndirmək ev şəraitində də mümkündür. Kərə yağından bir miqdarını isti suya qatdıqdan sonra onun kiçik hissələrə ayrılaraq əridiyini müşahidə ediriksə saxta olduğunu anlayırıq. Başqa bir nüans isə təbii kərə yağının ev şəraitində düzgün istifadə olunmasıdır. Qızartma yeməklərdə kərə yağını çox qızdırdıqda onu artıq biz özümüz trans yağa çevirmiş oluruq. Bu baxımdanda yağın istifadəsinə diqqət etmək lazımdır”.

Sağlam qida tədqiqatçısı Asim Vəliyev: “Müasir dövrdə qida sənayesi inkişaf etdikcə, qida hiylələri də paralel olaraq artmaqda davam edir. Bu da özünü daha çox qida rasionumuzun əsası və vazkeçilməzi olan yağlar üzərindən olan hiylələrdir. Etiket üzərindəki iri hərflərlə kərə yağı yazaraq istehlakçılar aldadılır.

İstehlakçılar da əksəriyyətlə etiketdə göstərilən məlumatları kiçik hərflərlə yazıldığı üçün oxumurlar. Ancaq istehsal və son istifadə tarixlərinə diqqət edirlər. Bazarda kərə yağı adı ilə ucuz satılan yağlar belə şübhəyə əsas verə bilər. Üstəlik ölkəmizə yağ adı ilə gətirilən yağların belə mənşəyi sual altındadır.

Əksəriyyəti mənşəyi bəlli olmayan bitki mənşəli yağlardır. Bəzən tanınmış markalarda cüzi dizayn və hərf dəyişikliyi edərək aldatmağa çalışırlar. Bir çox hallarda nəzarət edən aidiyyatı qurum da fiziki olaraq bu işbazların qarşısını almaqda çətinlik çəkir.

Qiyməti ucuz kərə yağı ilə satılan yağların etiket məlumatları mütləq oxunmalıdır. Bəzi yağların üzərindən 82.5 faiz yağlılıq göstərilir. Bu da aldadıcı ola bilər. Şübhə yaranarsa laboratoriyada yoxlanılmalıdır.

Əsl kərə yağı necə olmalıdır? Onu saxtadan necə ayırd edə bilərik?

-Kərə yağını isti suya atdıqda olduğu formadan kiçilərək əriyirsə, bu yağ kərə yağıdır.

-Kərə yağını dondurucudan çıxarıb otaq temperaturunda açıq şəkildə saxlasaq, əgər əriməyib yumuşalarsa, demək təmiz kərə yağıdır.

-Kərə yağı tavada əriyərkən öz rəngindən daha tünd rəng əmələ gəlirsə, təəssüf ki, yağın rəngi qatqı maddələri ilə rəngləndirilmişdir.

-Kərə yağı tavada əriyərkən qoxusu iştah açırsa, köpük əmələ gəlirsə, əsl kərə yağıdır.

Qeyd edim ki, təmiz və əsl kərə yağının qiyməti ucuz ola bilməz. Əgər aldığınız yağa bıçaq batırdığınız zaman kiçik hissələrə parçalanırsa, bu əsl kərə yağıdır. Ancaq bıçaq batırdıqda yağ bütöv halda parçalanırsa, deməli saxtadır”.