Ucuz suşi yemək təhlükəlidirmi?-Sağlamlıq riskləri və reallıq – Ekspert Asim Vəliyev AÇIQLADI:

0 Shares

Son illərdə suşi Azərbaycanda da geniş yayılıb və fərqli qiymət aralığında təqdim olunur. Lakin xüsusilə çox ucuz qiymətə satılan suşilərin təhlükəsizliyi ilə bağlı suallar yaranır. Çiy balıqdan hazırlanan bu yeməyin düzgün saxlanmaması, keyfiyyətsiz məhsulların istifadəsi və sanitariya qaydalarına əməl olunmaması ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Mütəxəssis rəyləri ucuz sushi anlayışının arxasında hansı təhlükələrin dayandığını anlamağa kömək edir.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, birbaşa ucuz suşi yemək təhlükəlidir demək düzgün olmaz:

“Qiymət təkbaşına təhlükəsiz və ya təhlükəli damğası vurmur. Ucuz suşi bəzən sadəcə daha az premium balıq növü, kiçik porsiya, sadə menyu və ya yüksək dövriyyə deməkdir.
Amma suşi çiy və ya az bişən dəniz məhsulu ilə hazırlandığı üçün risk sıfır deyil. Qiymət çox aşağı olanda, adətən sual yaranır. Soyuq zəncirə, təmizlik qaydalarına, xammalın mənşəyinə və işçi intizamına nə qədər vəsait ayrılıb. Risk daha çox buradan çıxır və ucuz sözü bəzən başqa şeyi gizlədir. Eyni vitrində uzun müddət qalan hazır məhsulun endirimlə satılması da şübhə yaradır. Suşi üçün ən problemli məsələlərdən biri budur.
Çiy dəniz məhsullarında və pis temperatur rejimində salmonella, listeria, vibrio kimi bakteriyalar çoxala bilir. Nəticə adətən kəskin qastroenterit olur. Ürəkbulanma, qusma, ishal, qarın ağrısı, bəzən qızdırma baş verə bilir. Xüsusilə hamilələr, yaşlılar, zəif immun sistemi olanlar üçün daha ağır keçmə ehtimalı çoxdu. Bəzi balıqlarda parazit sürfələri ola bilər. Bunun qarşısını almağın əsas yolu suşi üçün uyğun xammal seçimi və düzgün dondurma prosedurlarıdır. Suşi düyüsü də risk yarada bilər. Düyü bişiriləndən sonra uzun müddət otaq temperaturunda qalarsa, bacillus, cereus kimi bakteriyalar problem yarada bilər. Suşi seçərkən qorxmaq yox, düzgün seçim etmək lazımdır. Dövriyyəsi yüksək olan, mətbəxi nizamlı görünən, soyuducu vitrinləri işlək olan yerlər adətən daha stabil olur. Çox sakit məkanlarda hazır suşi uzun müddət qalan ola bilər. Suşi otaq temperaturunda sərbəst qalıbsa, xüsusən də yayda, bu yaxşı əlamət deyil. Qutunun içi sulu, düyü həddən artıq yapışqan, qoxu kəskin dəniz kimidirsə, risk artır. Balıq ammonyakabənzər və ya köhnə qoxu verməməlidir. Rəng həddən artıq boz, quru kənarlı və ya selikli görünürsə, ehtiyatlı yanaşmalıyıq. Sifariş ediriksə, yolda çox qalmayan variantları seçmək daha məntiqlidir. Xüsusən mayonezli, krem pendirli rollar temperatur dəyişikliyinə daha həssas olur. Hamilələr, azyaşlı uşaqlar, immun sistemi zəif olanlar üçün çiy balıq riski daha yüksəkdir. Bu qrup üçün bişmiş seçimlər daha rahat ola bilər”.

  • Fidan Abbaszadə