0 Shares

Artıq turşu mövsümü gəlib. Bir çoxlarının sevimlisi olan turşulardan zəhərlənmədən özümüzü necə qoruya bilərik?

Mövzu ilə bağlı BiG.AZ-a danışan qida eksperti Asim Vəliyev bildirib ki, turşudan zəhərlənmə əsasən onun düzgün hazırlanmaması, saxlanma şəraitinə riayət edilməməsi və ya təhlükəsiz qaydalara əməl olunmaması hallarında baş verə bilər:
“Turşunun hazırlanmasında istifadə edilən tərəvəzlər və qablar tamamilə təmiz olmadıqda, botulizm adlı təhlükəli bakteriya (Clostridium botulinum) əmələ gələ bilər. Bu bakteriya turşu içərisində toksinlər yaradır ki, bu da sinir sisteminə ciddi zərər verə bilər. Turşu hazırlanan qabların düzgün sterilizasiya olunmaması bakteriyaların artmasına şərait yaradır. Turşunun içərisində kif, bakteriya və digər mikroorqanizmlər inkişaf edə və bu da zəhərlənməyə səbəb ola bilir. Turşu hazırlanmasında pH səviyyəsinin 4.6 və ya daha aşağı olması vacibdir. Bu səviyyə təmin edilmədikdə bakteriyalar çoxalmağa başlayır .
Turşular sərin yerdə və qaranlıq şəraitdə saxlanmalıdır. Yüksək temperaturda və günəş işığına məruz qaldıqda bakteriya və göbələklərin artması mümkündür.
Turşu hazırladıqda istifadə edilən duz və sirkənin miqdarı normadan az olduqda, turşunun təbii qoruyucu xüsusiyyətlərini zəiflədir və bakteriyaların yaranmasına səbəb olur.
Turşu bankalarının qapaqları hər il dəyişdirilməlidir. Köhnə qapaqlar hava keçirdikdə bakteriyaların çoxalması üçün zəmin yaranır.
Əgər turşunun rəngi, dadı və qoxusu adi haldan fərqlidirsə, onu istifadə etmək məsləhət deyil. Zəhərlənmə riskindən qorunmaq üçün turşu hazırlığı zamanı gigiyena qaydalarına və düzgün saxlanma şərtlərinə diqqət yetirmək vacibdir”.

  • Hüseynli Nərgiz