Son dövrlərdə sosial şəbəkələr və qida trendlərinin təsiri ilə yeni və vizual baxımdan fərqli məhsullara maraq xeyli artıb.
Xüsusilə estetik görünüşü və qeyri-adi forması ilə seçilən 3D dondurmalar gənclər arasında sürətlə populyarlaşır. Rəngarəng dizaynı və sosial mediada “paylaşılmağa uyğun” görünüşü bu məhsullara olan tələbatı daha da artırır.
Bəs görəsən, son dövrlər trendə çevrilən 3D dondurmalara marağın artması necə qiymətləndirilir və bu məhsulları seçərkən istehlakçılar nələrə diqqət etməlidir?
Qida eksperti Məhsəti Hüseynova Sfera.az-a açıqlamasında bildirib ki, son illər müxtəlif sahibkarlar bəzi marketinq hiylələrindən istifadə edərək fərqli qidalar və yaxud da qida adı altında cəlbedici görünən süni, kimyəvi qatqı maddələrindən hazırlanan müxtəlif məhsullar hazırlayırlar ki, 3D dondurmaları da məhz bunlardandır.
Onun sözlərinə görə, adətən cəlbediciliyi artırmaq üçün daha çox görünüşün fərqli olmasına diqqət edirlər və bu da mədə-bağırsaq problemi yarada bilir:
“Xüsusilə də bu görünüşün uşaqların, gənclərin, yeniyetmələrin diqqətini çəkməsi üçün rəngarənglik və yaxudda müəyyən bir meyvənin, müəyyən bir cizgi filminin qəhrəmanını canlandıraraq daha da cəlbedici hala salırlar. Dekorativ şəkildə satılan bu kimi məhsullar heç də hər zaman sağlam məhsullar hesab olunmur. Bəzən onların alınması üçün müxtəlif kimyəvi qatqı maddələrindən istifadə edirlər. Bura süni rəngləndiricilər, aroma vericilər, dadlandırıcılar, konservantlar və müxtəlif kimyəvi qatqı maddələri daxildir.
Dadın xoşagələn olması üçün yüksək miqdarda şəkərdən və ucuz bitki yağlarından istifadə olunur. Belə məhsulları davamlı qəbul edən insanlarda daxili orqanların funksiyasının pozulması, qaraciyərin həddindən artıq yüklənməsi, mədə-bağırsaq pozulmaları baş verir. Xüsusilə də azyaşlı uşaqlar, yaşı çox olan insanlar, immuniteti zəif olan insanlar, xroniki xəstəliyi olan insanlar, hamilə və südverən qadınlar daha yüksək risk qrupundadır. Belə insanlara mənşəyi məlum olmayan qidalardan istifadə etmək tövsiyə olunmur. Eyni zamanda bu məhsulları alarkən, mütləq etiket məlumatlarına baxmaq lazımdır. Əgər tərkibində süni rəngləndiricilər, xüsusilə E102, E110, E129 və bir çox kimyəvi qatqı maddələri varsa, bunları davamlı istifadə edən uşaqlarda birmənalı şəkildə hiperaktivlik və mədə-bağırsaq sisteminin pozulması baş verəcək”.
Ekspert qeyd edib ki, yüksək şəkər miqdarı və ucuz yağlardan istifadə ürək-damar xəstəlikləri və bir sıra xəstəliklər riskini artırır:
“Bu da əsas problemlərdən hesab olunur. Yaxşı olar ki, hər hansı bir məhsulu alarkən, trendə çevrilməsinə, tanınmasına və reklam olunmasına yox, sağlamlığa vurduğu ziyanları nəzərə almaq lazımdır. Xüsusilə də, uşaqlar üçün ən təhlükəsiz dondurma, keyfiyyətli süddən və kərə yağından hazırlanan, vanilli yeni, keyfiyyətli dondurma hesab olunur. Hər hansı bir qatqı olacaqsa, onu miqdarı da çox az olmalıdır.
Hər bir halda, belə məhsulları alarkən, üzərinə, etiket məlumatlarına baxmaq lazımdır. Etiket məlumatlarında hər hansısa allergen, kimyəvi qatqı maddələri çoxdursa, bu məhsulu almaq tövsiyə olunmur. İstehsal tarixi, son istifadə tarixinə mütləq şəkildə baxılmalıdır. İstehsalçı şirkət haqqında ətraflı məlumatlara baxılmalıdır. Paket zədələnməmiş olmalıdır. Üzərindəki yazılar oxunaqlı olmalıdır və saxlama şəraiti də məhsulun öz fərdi keyfiyyətinə uyğun temperaturda olmalıdır”.
- Fidan Abbaszadə






