“Təhsil müəssisələrində qida təhlükəsizliyi təmin edilməlidir”— EKSPERT Asim Vəliyev’dən AÇIQLAMA

Screenshot
0 Shares

Növbəti həftə yeni tədris ili başlayır. Məktəblərin, universitetlərin bufetlərində, yeməkxanalarında bir neçə cür yemək hazırlanır, paketləşdirilmiş qidalar, “fastfood”lar satılır. Təhsil müəssisələrində bəzən qidalardan zəhərlənmə halları baş verir.

Qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, təhsil müəssisələrinin bufetlərində və yeməkxanalarında qida təhlükəsizliyini təmin etmək çox vacibdir. Ekspert qeyd edib ki, qida xammalı və məhsulları yalnız etibarlı  və sertifikatlaşdırılmış istehsalçılardan  alınmalıdır:

“Məhsulların təzə olmasına diqqət etməliyik. Təzə meyvə-tərəvəzlər, ət və süd məhsulları seçilməlidir. Bufet və yeməkxanalarda mütəmadi təmizlik işləri həyata keçirilməli və sanitariya qaydalarına riayət edilməlidir. Qidanı hazırlayan işçilər sanitariya və qida təhlükəsizliyi üzrə təlimatlandırılmalıdırlar”.

A.Vəliyev qidaların uyğun temperaturda, soyuq məhsulların soyuducuda, isti məhsulların isə isti şəraitdə saxlanılmalı olduğunu söyləyib:

“Qidanın saxlanıldığı qabların müntəzəm təmizlənməsi və dezinfeksiya edilməsi vacibdir. Qida hazırlanan  sahələrin təmiz olması və qida hazırlığı zamanı sanitariya qaydalarına riayət olunması təmin edilməlidir. Qidaların düzgün temperaturda bişirilməsi və emalı , xüsusilə ət məhsullarının tam bişirilməsi vacibdir”.

Ekspert onu da əlavə edib ki, qida məhsullarının tərkibi və səbəb ola biləcəyi allergik reaksiyalar barədə  kollektivə məlumat verilməlidir. Qida məhsullarının üzərində təhlükəsizlik nişanları və istehsal tarixlərinin göstərilməli olduğunu da A.Vəliyev nəzərə çatdırıb. 

  • Hüseynli Nərgiz