Süni rəngləndirilmiş meyvələrin orqanizmə təsiri-EKSPERT Asim Vəliyev AÇIQLAYIR:

0 Shares

Ötən il Azərbaycana idxal edilən 421 ton portağalda rəngləndirici əlavələr aşkar edilib. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, kimyəvi əlavələr bəzən allergik reaksiyalara, dəridə qızartı, şişlik və ya qaşınmalara səbəb ola bilər:

“Portağalların süni şəkildə rəngləndirilməsi istehlakçı sağlamlığı üçün bir sıra risklərə səbəb ola bilir. Rəngləndirici maddələr və kimyəvi əlavələr portağalların üzərində qalaraq insan orqanizminə daxil olur. Bəzi rəngləyici maddələr tərkibində zəhərli kimyəvi maddələr daşıya bilir. Bu da qida təhlükəsizliyi baxımından ciddi təhlükələr yaradır. Xüsusilə, uzun müddət yüksək miqdarda bu maddələrin istehlakı orqanizmdə yığılaraq zəhərlənməyə və xroniki xəstəliklərə səbəb olur. Süni qatqılar bəzən hormon balansını pozan maddələr ehtiva edir. Bu, uzun müddətli istehlak zamanı endokrin sistemində problemlərə gətirib çıxarır. Süni rənglənmiş meyvələrin tərkibində əlavə edilən kimyəvi maddələr qida təhlükəsizliyi standartlarına uyğun olmadığı halda, ümumi sağlamlıq risklərini artırır”.

Ekspertin sözlərinə görə, meyvə alarkən onun rənginə diqqət etmək lazımdır. Çünki sağlam və təbii meyvələr özünəməxsus, parlaq və təbii rəngə malik olur:

“İstehlakçı olaraq seçim edərkən diqqətli olmalıyıq. Sağlam və təbii meyvə özünəməxsus rəngə malik olmalıdır. Portağalların rəngi parlaq və təbii olmalıdır. Əgər portağallar çox parlaq və qeyri-adi rəngdədirsə, bu onların süni şəkildə rəngləndirildiyinin əlaməti ola bilər. Bizim bir çox bazarlarda çox hallarda meyvələr etiketsiz satılır. Meyvə və tərəvəzlərin üzərindəki etiketlərdə onların tərkibi və əlavə edilmiş kimyəvi maddələr barədə məlumat olmalıdır. Etiketdə rəngləyici maddələrin adı qeyd edilə bilər. Sağlam portağalların qabığı təbii və təzə olmalıdır. Meyvənin forması düzgün, qabığında heç bir iz və zədələr olmamalıdır. Ancaq zədələnmiş və ya gözəl görünən meyvələr əlavə kimyəvi müdaxilələrə məruz qalmış ola bilər”.

  • Fidan Abbaszadə