0 Shares

Bazarlarda, metro çıxışlarında kənd toyuğu adı altında satılan məhsulların sayı artıb. İnsanların əksəriyyəti daha baha olsa da, bu məhsulu almağa üstünlük verir. Lakin son dövrlərdə işbazlar bu sahədə də alıcıları aldadırlar, kənd toyuğu adı ilə insanlara broyler toyuqları satırlar.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Yeni Müsavat”a deyib ki, bu gün həm Azərbaycanda, həm də dünyada istənilən ictimai iaşə obyektində daha çox istifadə olunan  broyler toyuqlarıdır: “Burada səbəb kimi ilk növbədə ətin qiymətinin digər ətlərə nisbətən aşağı olmasını göstərsələr də, əslində broyler toyuqlarının xüsusiyyətləri, riskləri, qaydaları, zərərləri ilə bağlı bir çox elmi araşdırmaların nəticəsi, xüsusilə də beynəlxalq elmi araşdırmaların nəticəsi, onun digər qidalara görə və bəzi insanlara daha ciddi risklərinin olması sübut edilib. Burada əsas məsələlərdən biri onların sürətli yetişdirilməsidir. Digər kənd toyuqlarından fərqli olaraq, açıq satılan toyuqlar əgər sağlam böyüdülürsə, vaxtı-vaxtında nəzarət olunursa, hər hansı bir xəstəlik baxımından riski yoxdursa, bunlar daha faydalı hesab olunur.

Lakin broyler toyuqları növünə görə kənd toyuqlarından fərqlənir. Onlar daha çox sürətli böyümək üçün və eyni zamanda alınma sortlar da olur ki, bu sortların yetişdirilməsi  6-7 həftə ərzində, bəzən 1 kq 800 və yaxud da 2 kq yarım çəkiyə çatdırılır. Ancaq bu çəkini normal kənd toyuqları 4-6 aya ala bilər. Digər məqam. Broyler toyuqlarında antibiotik müalicəsi aparılır ki, bu onların bir çox xəstəliklərə qarşı qorunmasına, davamlılığın yaranmasına görə mütləq şəkildə istifadə olunur və əgər istifadə olunmazsa, o zaman bir fermada saxlanılan bütün toyuqlar zərər görə bilər. Ona görə antibiotikin yemlərdə, hətta sularda da istifadəsi məcburidir.

Tez bir zamanda böyüdüyünə görə broyler toyuqlarında yağ və zülal tərkibi kənd toyuğuna nisbətən daha yüksək olur və ona görə də zülal keyfiyyəti oxşar olsa da, lakin dadına görə kənd toyuğundan fərqlidir”.

 Ekspert qeyd edir ki, bütün bu amilləri nəzərə alaraq mütəmadi olaraq broyler toyuqları qəbul edən insanlar diqqət etməlidir: “Burada əsasən 1-5 yaşında olan uşaqlar, eyni zamanda yeniyetmələr,  25 yaşa qədər olan orqanizm davamlı olaraq inkişaf etdiyinə görə, onlar daha çox vitamin və minerallarla, makro və mikro elementlərlə zəngin qidaları qəbul etməlidirlər. Onlar gün ərzində deyil, həftədə bir dəfə 100-120 qram şəklində broyler toyuğu qəbul edə bilərlər və bu, ayda 4 dəfəni keçməmək şərtilə olmalıdır.

İstər kənd toyuğu, istər broyler toyuğu alarkən, etibarlı yerdən, mənşəyi bəlli olan yerdən alınmalıdır. Saxlanılmasında, kəsilməsində, satışa təqdim olunmasında bütün sanitar-gigiyena normalarına, qaydalarına əməl olunmalıdır. Qoxusunun, rənginin dəyişməməsinə diqqət etmək lazımdır. Əgər hər hansı bir dəyişiklik varsa, rəngində tündlük varsa, qoxusunda xoşa gəlməzlik varsa, həmin məhsulu istifadə etmək olmaz, çünki bu məhsul artıq xarab olmuş sayılır. Toyuq əti daha tez xarab olmağa meylli olduğuna görə mütləq alarkən və saxlayarkən, bişirilərkən də donunun bir dəfə açılıb istifadə olunmasına diqqət olunmalıdır və bir dəfə bişirilən qida həmin vaxtda da istehlak olunmalıdır. Bu da onun tərkibində mikroorqanizmlərin sürətlə çoxalması nəticəsində tərkibin dəyişməsi və qida zəhərlənməsinə səbəb ola bilər.

Bir çox hallarda pəhrizdə olan insanlara, arıqlamaq istəyənlərə daha çox toyuğun döş əti tövsiyə edilir, burada diqqət ediləcək məqam yenə də miqdarı keçməməkdir. Çünki əgər kilo vermək üçün zülal tərkibli olaraq istifadə olunursa, bu zaman onun yanında mütləq tərəvəzlər, dənli bitkilər, paxlalı qidalar olmalıdır. Əks halda, çox miqdarda bu ətdən istifadə etmək vitamin-mineral çatışmazlığına gətirib çıxaracaq, eləcə də sağlamlıq üçün bir çox fəsadlar törədə bilər”.

  • Hüseynli Nərgiz