Son zamanlarda vitamin çatışmazlığı mövzusu həm həkimlərin, həm də qida mütəxəssislərinin diqqət mərkəzindədir.
Qida Eksperti Asim Vəliyev mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında bildirib ki, əvvəllər süfrələrdə daha çox təbii və mövsüm məhsulları üstünlük təşkil edib. Bu gün onların yerini paketlənmiş, uzunmüddətli saxlanma qabiliyyəti olan qidalar tutur:
“Sənaye üsulu qidalarla, fast-food qidalanma tərzi ilə orqanizm lazım olan vitamin və mineralları ala bilmir. Belə olduqda orqanizm bioloji olaraq ac qalır. Əvvəllər süfrələrdə daha çox təbii və mövsüm məhsulları üstünlük təşkil edib. Bu gün onların yerini paketlənmiş, uzunmüddətli saxlanma qabiliyyəti olan qidalar tutur. Belə məhsullar görünüşcə cəlbedicidir, amma qida dəyəri baxımından olduqca zəifdir. Yüksək temperaturda emal, konservləşdirmə, rəng və dad qoruyucuları vitaminlərin böyük hissəsini parçalayır və nəticədə orqanizm üçün lazım olan mikroelementlər qida ilə təmin olunmur. Emal olunmuş qidalar xüsusilə C vitamini, B qrupu vitaminləri və E vitamini baxımından ciddi itkilərə səbəb olur. Təravətini itirmiş tərəvəzlər, təkrar qızdırılmış yağlar və çox işlənmiş taxıl məhsulları orqanizmin ehtiyac duyduğu vitaminlərin yalnız çox kiçik bir hissəsini verir. Bu cür qidalarla qidalanan insanlarda yorğunluq, immun zəifliyi, dəri problemləri və ümumi halsızlıq kimi şikayətlər daha çox müşahidə olunur. Vitamin çatışmazlığının artmasının başqa bir səbəbi mövsümdənkənar meyvə-tərəvəz istehlakıdır. İstixanalarda yetişən, uzaq məsafələrdən gətirilən məhsullar tez-tez vaxtından əvvəl yığılır. Bunun nəticəsində onların tam yetişməsi üçün lazım olan təbii proses başa çatmır. Meyvə-tərəvəzin vitamin dəyəri aşağı düşür. Saxlanma müddətini uzatmaq üçün istifadə olunan maddələr də məhsulun təbii quruluşuna təsir edir. Buna görə mövsüm məhsulu həmişə daha faydalıdır. Vitamin çatışmazlığının qarşısını almaq üçün gündəlik rasionda bir neçə əsas qida qrupu mütləq olmalıdır. Təzə meyvə və tərəvəz, tam taxıl məhsulları, yumurta, balıq, süd məhsulları, çərəzlər və sağlam yağlar ən vacib qida mənbələridir. Bu məhsullar həm immuniteti gücləndirir, həm də gündəlik enerji tələbatını qarşılayır. Müasir insanların daha çox B12, D vitamini və dəmir çatışmazlığı yaşaması isə həyat tərzi ilə bağlıdır. Bitki mənşəli qidalanmanın artması, heyvan mənşəli qidaların azalması B12 çatışmazlığını genişləndirir. D vitamini problemi isə əsasən günəş işığından uzaq həyat tərzindən qaynaqlanır. Ofis mühitində uzun saatlar, qapalı məkanlar və az hərəkət bu vitaminin sintezini zəiflədir. Dəmir çatışmazlığı isə xüsusilə qadınlarda daha geniş yayılıb. Bunun səbəbi həm qida ilə kifayət qədər dəmir qəbul olunmaması, həm də dəmirin sorulmasını azaldan vərdişlərdir”.
- Fidan Abbaszadə






