Sevə-sevə yediyimiz kolbasa-sosiskalar necə və nədən hazırlanır? – EKSPERT Asim Vəliyev AÇIQLADI

0 Shares

Kolbasa və sosiskanı əksər insanlar sevə-sevə yeyirlər. Amma çox zaman bu məhsulların hansı şəraitdə, necə, nədən hazırlandığı, daşıdığı təhlükə ilə maraqlanmaq kimsənin yadına düşmür.  

Qida tədqiqatçısı Asim Vəliyevinsözlərinə görə, şəhər həyatına keçid, müasir həyat tərzi qida tərzimizə də təsir edir: “Əvvəllər daha çox ev üsulu qidalanma yerini sürətli, tez zamanda hazırlanan qidalara təhvil verir. Bu qidalardan biri də kolbasa və sosiskalardır. Çoxları üçün bu dadlı yeməklər həm rahatdır, həm də gündəlik rasionun bir parçasıdır.

Ənənəvi olaraq, kolbasa və sosiskalar ət məhsullarından hazırlanır. Əsas tərkib hissəsi mal, donuz, toyuq və ya hinduşka əti olur. Emal prosesində isə bu ətlər doğranaraq və ya üyüdülərək digər komponentlərlə birləşdirilir. Bura duz, ədviyyatlar, nitratlar (məsələn, natrium nitrit), şəkər və bəzən də müxtəlif kimyəvi qatqı maddələri də daxil edilir. 

Kolbasaların tərkibində olan nitratlar və nitritlər məhsulun ömrünü uzadır və uzun müddət saxlanılmasını təmin edir. Həmçinin, özünəməxsus dad və rəng verir. Məsələn, bu maddələr kolbasalara qırmızımtıl rəng verir və mikroorqanizmlərin çoxalmasını ləngidir. Amma çox  miqdarda nitratların istifadəsi bəzi sağlamlıq risklərinə də gətirib çıxara bilər.

Ətin keyfiyyəti kolbasa və sosiskaların tərkibini müəyyən edən əsas amillərdəndir. İstehsalçıdan asılı olaraq, bəzi məhsullarda əsl ət əvəzinə sümüklərin, dərilərin və digər aşağı keyfiyyətli yan məhsulların istifadəsinə rast gəlmək olar. Bu məhsulların qida dəyəri daha azdır və dad fərqi də hiss olunmasın deyə müxtəlif ədviyyatlar və qida qatqı maddələri vurula bilir. Bəzi yüksək keyfiyyətli kolbasa və sosiskalarda isə bu məhsullar təmiz, yüksək keyfiyyətli ətdən hazırlanır.

Müasir qida sənayesi daha bir alternativ təklif edir – bitki mənşəli kolbasa və sosiskalar. Bitki əsaslı məhsullar vegeterian və veganlar arasında geniş yayılmağa başlayıb. Bu kolbasalar soya, noxud proteini, düyü və digər bitkilərdən hazırlanır. Onlara ət dadını vermək üçün müxtəlif təbii dadlandırıcılar və ədviyyatlar əlavə edilir”.

  • Hüseynli Nərgiz