“Sənaye üsulu ilə hazırlanmış qidalar ac qarına qəbul olunmamalıdır” – MÜTƏXƏSSİS FİKRİ

0 Shares

“Ac qarına qəbul olunacaq qidalar yanlış seçildikdə mədə turşuluğunun artması və həzm problemlərinə yol açır. Buna görə də ac qarına qəbul edilən qidaların daha çox neytral olması tövsiyyə olunur. Sənaye üsulu ilə hazırlanmış qidalar ac qarına qəbul olunmamalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. O bildirib ki, günə su ilə başlamaq tövsiyyə olunur: “Daha sonra isə yumurta, zülal mənşəli süd məsullarının yeyilməsi məqsədəuyğundur. Səhər ac qarına meyvə yeyiləcəksə, bu sitrus meyvələri olmamalıdır. Onların tərkibində “C” vitamini həddindən artıq çox olduğuna görə, mədədə turşuluq səviyyəsini artırır və bir neçə saat sonra mədədə yanma hissinə səbəb olur. Eyni zamanda şəkərli diabetdən əziyyət çəkən insanlar şirin meyvələri ac qarına qəbul etməməlidir. Çünki bu zaman qanda şəkər səviyyəsi sürətlə artır, bu da daha sonra insanın enerjisiz olmasına, əllərdə əsmə və baş ağrısına səbəb olur. Amma qan azlığı olan insanlar isə ac qarına şirin meyvələr yeyib, daha sonra səhər yeməyini qəbul etsələr, daha faydalı olar. Eyni zamanda səhər qəbul olunmayacaq qidalar sırasında işlənmiş ət və ət məsulları, yəni kolbasa və digər bu kimi məsullar aiddir. Çünki bu cür məsulların tərkibində istifadə olunan bir çox qida maddələri kimyəvidir və orqanizmdə müəyyən problemlərə səbəb olur. Həmçinin səhər ac qarına ədviyyatlı qidaların yeyilməsi də tövsiyyə olunmur. İçkilərdən isə ac qarına kofe qəbul edilməməlidir. Çünki tərkibindəki kafein daha sonra mədədə ağrılara səbəb olur”.

~ Abbaszadə Fidan