Sağlam həyat tərzi üçün nələrə diqqət etməliyik? – MÜSAHİBƏ 

0 Shares

“20-25 yaşdan sonra gün ərzində 2 dəfə qidalanmaq daha faydalı hesab olunur”.

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova Hit.az-a müsahibəsində deyib. 

– Məhsəti xanım, sağlam həyat tərzi keçirmək üçün nələrə diqqət etməliyik? 
– Sağlam həyat tərzi üçün qəbul olunan qidalar, qidaların müxtəlifliyi, miqdarı və onun qəbul olunma saatı insanın yaşından, cinsindən və gündəlik fiziki aktivliyindən asılı olaraq dəyişir. Mütləq şəkildə yaşı nəzərə almaq lazımdır. Orqanizm 20 yaşa qədər inkişaf prosesində olduğu və daha çox enerjiyə ehtiyac duyduğu üçün gün ərzində 3 dəfə qidalanması normal hesab olunur. 

– Bəs hansı qidaları istehlak etmək tövsiyə olunur? 
– Qəbul edilən qidaların içərisində qida dəyəri çox, orqanizmdəki makro və mikro elementlərin təlabatlarını ödəyəcək keyfiyyətli, sağlam qidalardan istifadə etmək lazımdır. Bu qidalar səhər yeməklərində süd və süd məhsulları, çərəzlər, gündəlik enerjini təmin edəcək miqdarda faydalı karbohidratlar olmalıdır. Müəyyən miqdarı təmin etmək üçün şəxsin gündəlik fiziki aktivliyini də nəzərə almaq şərtdir. Günorta və axşam yeməyi çox vacib hesab olunur. 20 yaşına qədər olan insanlarda orqanizm inkişaf dövrü keçdiyi üçün həddindən artıq aclıq tələb edərlərsə, miqdarı artıra bilərlər. Bir çox insanda maddələr mübadiləsi yeniyetməlik və gənclik dönəmimdə daha sürətli olduğu üçün qəbul etdikləri qidalar tez həzm olunur. Buna görə də bəzən davamlı aclıq hiss edə bilərlər. Bu zaman yağlı, qızardılmış, mənşəyi bəlli olmayan, keyfiyyətsiz yağlardan hazırlanan “fast-food” qidalardan, qazlı və rəngli içkilərdən uzaq durmaları yaxşı olar. Onların əvəzinə mənşəyi bəlli olan yerdə ətdən, paxlalılardan və ya karbohidratlardan hazırlanan qidalar istehlak etmək tövsiyə olunur.
– Axşam yeməyini saat neçəyə qədər bitirməliyik? 
– Axşam yeməyini saat 20:00-a qədər bitirmək məsləhətdir. 20 yaşa qədər olan orqanizm bu saatdan sonra və ya gecə də aclıq hissi etsə, az miqdarda tez həzm olunan tərəvəzlərdən hazırlanan yüngül salatdan, habelə az miqdarda kəpəkli çörək və ya qida məhsulları kimi toxumlar əlavə olunan qatıqdan istifadə edə bilər. Burada əsas məqsəd tez həzm olunan qidanın qəbul edilməsidir. Yəni bunu 20 yaşa qədər orqanizm üçün gecə aclığı zamanı etmək olar. Davamlı ehtiyac zamanı az miqdarda qida qəbulu yolveriləndir. Lakin 20-25 yaşdan sonra gün ərzində 2 dəfə qidalanmaq daha faydalı hesab olunur. Səhər və saat 16:00-18:00 aralığında ikinci əsas yeməyi yemək tövsiyə olunur. Ara yemək olaraq meyvə və çərəzlərdən istifadə edə bilərlər.
– Əsas yeməkdən əlavə hansı qidaları qəbul etmək lazımdır? 
– Əsas diqqət edilməli məqam qəbul olunan qidanın keyfiyyətli və mənşəyi bəlli olan yerdən alınmasıdır. Həmçinin, hər yemək qəbulu ilə birlikdə mövsümi tərəvəzlərdən istifadə olunması çox vacibdir. Onların lifli qidalardan, vitamin və minerallardan ibarət olması orqanizmin vitamin-mineral balansını təmin edir. Eyni zamanda, lifli qidlar bağırsaqların hərəkətliliyini təmin etdiyi üçün immun sisteminin gücləndirilməsində önəmli rol oynayır. Sağlamlığımız üçün yağlar da olduqca önəmlidir. Keyfiyyətli yağdan istifadə olunmalıdır. Kərə, nehrə, zeytun və ya günəbaxan yağlarından istifadə etmək olar. Hər bir insan gün ərzində 20-30 qram keyfiyyətli yağ qəbul etməlidir. Bu, daxili orqanların və mərkəzi beyin sisteminin funksiyalarını yaxşılaşdırır.
– Həmçinin, un və çörək istehlakı ilə bağlı tövsiyələriniz də maraqlıdır… 
– Mümkün qədər karbohidratlı, xüsusilə də un və un məmulatlarından az istifadə etməlidirlər. Yaxşı olar ki, çörək və un məmulatlarını günün birinci yarısında səhər yeməyində 1-2 dilim istehlak etsinlər.

~ Abbaszadə Fidan