Ramazan ayında qidalanma necə olmalıdır?

0 Shares

Ramazan ayına sayılı günlər qalıb. Bu müqəddəs ay martın 11-də daxil olacaq. Bayram isə aprelin 10-11-nə təsadüf edəcək. Bu ayda oruc tutanların düzgün və sağlam qidalanma rejiminə əməl etmələri vacib məsələlərdəndir.

Qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova İqtisadiyyat.az-a deyib ki, oruc tutan insanlar qidalanma və yuxu rejimlərinə, eləcə də fiziki aktivliyə xüsusi diqqət etməlidirlər.

Onun sözlərinə görə, bəzi insanlar daha çox bir dəfə qidalanmağa üstünlük verir və bu da maddələr mübadiləsinin pozulmasına, eləcə də qəbul olunan qidaların düzgün həzm olunmamasına gətirib çıxarır:

“Eyni zamanda düzgün həzm olunmadığı və enerjiyə çevrilmədiyi üçün qəbul edilən qida yağlar şəklində toplanır. Nəticədə artıq çəki problemi və müəyyən xəstəliklərin yaranması qaçınılmaz olur. Odur ki, daha çox qida dəyəri olan və daha tez həzm olunan qidalardan istifadə vacibdir. Yağlı, qızardılmış, duzlu, turş qidalardan istifadə etmək əvəzinə, daha çox neytral və az duzlu qidaların qəbulu tövsiyə edilir. Həmçinin mövsümi meyvə-tərəvəzlərdən bol istifadə etmək lazımdır. Onlardan istifadə bağırsaq hərəkətliliyini təmin edir və lifli qidalar olduğu üçün maddələr mübadiləsinin sürtələnməsinə, qəbizliyin aradan qaldırılmasına kömək olur”.

Hər yemək qəbulunda çərəzlərə yer vermək lazımdır.

M.Hüseynova həmçinin suyun qəbuluna xüsusi diqqət etməyin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, əksər hallarda su yetərli miqdarda qəbul edilmədiyi üçün qidalar yaxşı həzm olunmur və orqanizmdə su çatışmazlığı yaranır: “Bu da baş ağrısına və digər sağlamlıq problemlərinə səbəb olur. Ona görə də gün ərzində ən azı 7-8 stəkan su içmək lazımdır. Qəbul olunan meyvə-tərəvəzlərin tərkibindəki suyun və sulu qidaların tərkibindəki mayenin miqdarı orqanizmin maye balansını təmin edəcək şəkildədir. Ümumiyyətlə, yaxşı olar ki, insanlar iftar süfrəsində oruclarını ilk növbədə su içməklə açsınlar. Daha sonra bir müddət ara verib qəbul edəcəkləri qida, sulu qida, şorbalardan dadsınlar. Süfrədə göyərtilərə, mövsümlük tərəvəzlərə də xüsusi yer verilməlidir. Bu şəkildə düzgün qəbul edilən qida orqanizmdə rahatlıqla həzm olunur və artıq çəki yaranmasına səbəb olmur. Bundan əlavə, iftar və imsaq vaxtlarında hazır, paketlənmiş qidalardan, xüsusilə də “fast-food” tipli, harada hazırlandığı və mənşəyi bəlli olmayan, əlavə dadlandırıcılardan istifadə edilərək hazırlanan qidalardan uzaq durmaq lazımdır. Bu qidaların tərkibinə həm çox kimyəvi qatqı maddələr, həm də şəkər əlavə edilir. Bu isə gündəlik şəkər miqdarını artıq qəbul etdiyi üçün insanlarda çəki probleminə səbəb olur”.

Mütəxəssis bildirir ki, hər yemək qəbulunda çərəzlərə də yer vermək lazımdır. Çünki çərəzlər lazım olan vitamin və mineral balansını təmin etməklə yanaşı, mikro və makro elementlərlə zəngin qida hesab olunur. Eyni zamanda imsaq vaxtında da qəbul olunan qidalar sırasına heyvan mənşəli, süd və süd məhsullarına yer verilməldir. Yumurta qəbulu isə gün ərzində həm tox tutmağa, həm də enerjili saxlamağa kömək edir.

Kim oruc tutmamalıdır?

M.Hüseynova deyir ki, mədə, bağırsaq və həzm sistemində problemi olanlar, kəskin şəkərli diabet, bəzən də hipertaniyadan əziyyət çəkənlər, davamlı olaraq hər hansı bir dərman qəbulu ilə müalicə olunanlar, eləcə də hamilə və süd verən qadınlar sağlamlıq durumlarına görə mümkün qədər oruc tutmaqdan imtina etməlidirlər. Çünki həmin insanlarda oruc tutarkən belə orqanizmin daxili orqanlarının funksiyası düzgün getmədiyinə görə, yaxud onun sağlamlığına daha ciddi zərər vuracağına görə onlara oruc tutmaq məsləhət görülmür: “Hər gün açıq havada ən az 30-40 dəqiqə gəzmək və 15-20 dəqiqə orqanizmə fayda verəcək şəkildə fiziki idman hərəkətlərinin olunması tövsiyə olunur. Bu da qan dövranının və hormon balansının yaxşılaşmasına, nəticədə maddələr mübadiləsinin də normallaşmasına gətirib çıxarır”.

Yuxu rejiminə də diqqət etməyin vacibliyindən bəhs edən qida mütəxəssisi qeyd edib ki, qida qəbulundan sonra dərhal uzanmaq, yuxuya getmək yolverilməzdir. Onun sözlərinə görə, yeməkdən sonra ən azı 45-50 dəqiqə aktiv hərəkətli olmaq, daha sonra yuxuya getmək və ən azı 6 saat yarım, 7 saat kəsintisiz yatmaq lazımdır. Ekspert deyir ki, bəzən oruc tutan isnanlarda halsızlıq, yorğunluq müşahidə olunur. Bunun da əsas səbəblərindən biri məhz yetəri qədər yatmamaqdır.

  • Hüseynli Nərgiz