Qida təhlükəsizliyi eksperti Məhsəti Hüseynovadan həyacan siqnalı – Xərçəngə səbəb olan bu qidaları yeməyin!

0 Shares

Xəbər verdiyimiz kimi, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bədxassəli şişlərin yaranmasının 35-40 faizi məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır. 

O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır. Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var.

“Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”,- deyə Əmiraslanov bildirib.

Qeyd edək ki, Azərbaycanda keyfiyyətsiz qidaların satılması barədə məlumatlar yeni deyil. Zaman-zaman bununla bağlı xəbərlər yayılır, müzakirələr aparılır. 

Akademik, həkim-onkoloq Əhliman Əmiraslanovun keyfiyyətsiz qidaların insanlarda xərçəng yaratması barədə açıqlaması əslində bir həyacan siqnalı olmalıdır. 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova da qidaların keyfiyyətindən narahatdır. O, Redaktor.az-a açıqlmasında bildirdi ki, bu gün dünyada artan xərçəng xəstəliyinin bir neçə səbəbi var:

“Bunları da əsasən bugünkü müasir dünyadakı daha yüksək sürətlə gedən inkişaf və bu inkişafın heç də hər birinin sağlamlıq yönümdə olmamasıdır. Birinci növbədə stress faktorunu əsas gətirə bilərik. Çünki bu sürətlilik insanları daha çox stressə məruz qoyur ki, stress də bütün orqanların funksiyasının pozulmasında əsas rol oynayır. Mütləq şəkildə deyərdim ki, iradəsi güclü olmayan, psixoloji cəhətdən zəif olan insanlar hər zaman stressi idarə edə bilməklə bağlı peşəkarlardan birinci növbədə dəstək olmalıdır. Əgər insan stressi normal idarə edə bilmirsə və gündəlik stressə məruz qalırsa, bu artıq bir çox xəstəliklərin yaranmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, digər bir məqam isə təbii ki, müasir dövrümüzdəki qidalardır.

“Bu qidaların əksəriyyətinin tərkibindəki kimyəvi qatqı maddələri, asılılıq yaradan maddələr birbaşa olaraq orqanizmdə xərçəng yaradır ki, bunlar da artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiq olunub. Eyni zamanda da qidaların tərkibindəki kimyəvi qatqı maddələri ilə yanaşı, onların plastik qablarda, polietilen paketlərdə saxlanılması, düzgün şəraitdə saxlanılmaması, bəzən yüksək istiliyə, günəş şüaları altında qalmağa məruz qoyulması da məhz bu plastiklərdən insan orqanizminə qida vasitəsilə xərçəng yaradan səbəblərə gətirib çıxardır. Digər bir məqam zərərli vərdişlərdir ki, bunların içində siqaret çəkmə və narkotik maddələrdən asılılıqdır. Bunlarda da əsas məqam yenə də bütün bu siqaretin əvvəllər olduğu kimi sadəcə tütündən olmaması, kimyəvi qatqı maddələrindən hazırlanmasıdır ki, bu da ağciyər xərçənginə birbaşa olaraq səbəb olur. Eyni zamanda da, digər faktorlar arasında, xüsusilə də zərərli qidalardan “fastfood” qidalardır ki, “fastfood” qidalar mənşəyi bəlli olmayan ətlərdən, mənşəyi bəlli olmayan souslardan, dadlandırıcılardan istifadə olunur. Burada da monosodium qulitamat sintetik mənşəli Çin duzu kimi tanınan maddə ən çox xərçəngə səbəb olur. Həmin maddə “fastfood” qidalarda ətin tərkibində, sousların tərkibində, həm qamburger, eyni zamanda bu gün artıq restoranlarda sifariş olunan demək olar ki, əksər yeməklərin üzərinə səpilir. Bu da birbaşa olaraq xərçəngə səbəb olur və xüsusilə də gənc yaşlarda, erkən yaşlarda bunlardan istifadə edən insanlar da daha risk qrupundadır. Çünki 20-25 yaşa qədər orqanizm inkişaf dövründə olduğu üçün sağlam, təbii qida dəyəri olan qidalarla qidalanmalıdır. Ancaq bu kimi qidalarla qidalandıqda artıq müəyyən xəstəliklərə, təhlükəli xəstəliklərə tutulması və eyni zamanda da xərçəngə səbəb olur ki, bu da əsas məqamlardandır. Digər bir məqam yenə də qazlı, rəngli içkilərdir ki, bunlar da hər zaman təhlükə mənbəyidir, çünki əksəriyyəti yenə də dadlandırıcı olaraq, haramatizator olaraq və eyni zamanda da rənglər olaraq süni kimyəvi qatqı maddələrindən istifadə olunur. Bütün bunlar hamısı da qaraciyər və böyrəkdə yığılaraq, orqanizmin normal funksiyasını pozduğu üçün müəyyən miqdardan sonra artıq orqanizmdə dözümsüzlük, davamsızlıq yaranır ki, bu da birbaşa olaraq yenə də xəstəliklərə səbəb olur”, – deyə M.Hüseynova bildirdi.

Həmsöhbətimiz yeni doğulan uşaqlara verilən qidalarla bağlı problemə də toxundu. O qeyd etdi ki, ilkin vaxtda uşaqların doğulduqdan sonra ana südü ilə qidalanmaması və immun sisteminin formalaşmaması da əsas risk faktorlarından biridir:

“Bu gün əksər uşaqlar doğulduqdan az bir müddət sonra süni qida ilə qidalanır və bu da onların orqanizmin normal inkişaf etməməsi, immun sisteminin möhkəmlənməməsinə əsas səbəblərdən biridir. Qatı qidaya, əlavə qidaya keçdikdə də daha çox paketlənmiş və sənaye üsulu hazırlanmış qidalardan istifadə edirlər. İmmun sistemi də zəif olduqda artıq bütün xəstəliklərə asanlıqla yoluxa bilir. Bütün bunlardan uzaq durmaq üçün yaxşı olar ki, günümüzdə bu inkişaf edən qida çeşidliliyi, ətraf-mühitin çirkliliyi və eyni zamanda zərərli vərdişlərin çoxaldığı bir dönəmdə bunlara məntiqli, anlaşıqlı şəkildə baxaraq özümüzü bu təhlükələrdən uzaq tutmalıyıq. Qidalarımızı seçərkən mütləq şəkildə daha çox sənaye üsulu, emal görməmiş qidalar, daha təbii, mövsümü yerli meyvə tərəvəzlərdən istifadə edərək, bişirilmiş qidalardırsa, mümkün qədər evdə mənşəyi bəlli olan yerdə bişirilmiş qidalardan istifadə etməliyik. Eyni zamanda qızardılmış, qaynadılmış qidalardan uzaq durmalıyıq. Çünki həddindən artıq çox qızardıldıqda da qidalarda konserogen maddələr əmələ gəlir ki, bu da birbaşa xərçəngin yaranmasına səbəb olur. Eyni zamanda da açıq havada olmağa diqqət etməli, gün ərzində neqativ enerjinin azalmasına və eyni zamanda beynin oksigenlə qidalanmasını təmin edir ki, bu da sağlamlıq üçün, immun sistemi üçün çox önəmlidir. Mütləq şəkildə fiziki aktiv olmalıyıq, çünki mənşəyi bəlli olmayan qidalar sayəsində orqanizmə lazım olduğundan artıq çox kalori qəbul etmiş oluruq ki, bu kalorilərdə enerjiyə çevrilmədikdə daha çox fəsadlara səbəb olur. Piylənməyə, obeziteyə gətirib çıxardır ki, bu da daxili orqanların yenə də xərçəngi ilə nəticələnə bilir və mütləq şəkildə bunlardan uzaq durmaq üçün sağlam həyat tərzi üsulunu seçmək lazımdır. Zərərli qidaları orqanizmdən uzaq tutmaq üçün mütləq təmiz sudan istifadə etmək lazımdır. Gün ərzində orqanizmin maye balansını təmin etmək üçün ən azı 7-8 stəkan suyun içilməsinə də diqqət etməliyik”.

  • Hüseynli Nərgiz