Ramazan ayında qidalanma necə olmalıdır ? – MÜTƏXƏSSİS Məhsəti Hüseynova danışdı:

0 Shares

“Qarşıdan gələn Ramazan bayramında bir çox insanlar oruc tutur. Oruc tutmaqda məqsəd mənəvi dəyərləri yerinə yetirmək olmalıdır. Bir çox hallarda isə insanlar çəki vermək, sağlamlıq problemləri ilə əlaqəli şəkildə oruc tuturlar. Bu zaman isə həm niyyət yanlışdır, həm də oruc tutan şəxslər Ramazan ayı boyu müəyyən məqamlara xüsusilə diqqət etməlidirlər. Təbii ki, burada qidalanma rejimindən tutmuş, yuxu saatlarının dəyişməsi halları müşahidə olunur. Çalışmayan şəxslər isə oruc tutan zamanın çox hissəsini yuxuda keçirirlər ki, bu da insan orqanizmində müəyyən dəyişikliklərə səbəb olur. Buna görə də oruc tutan zaman sağlamlığa diqqət edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

O bildirib ki, Ramazan ayı zamanı bir dəfə qidalanmaq maddələr mübadiləsinin pozulmasına və qidaların düzgün həzm olunmamasına gətirib çıxarır: “Eyni zamanda, qida düzgün həzm olunmadıqda enerjiyə çevrilə bilmir və yağlar şəklində toplanır. Bu da həm kökəlməyə, həm də müəyyən xəstəliklərin yaranmasına səbəb olur.

Burada diqqət edilməsi vacib məqam iftar və imsak olmaqla iki dəfə qidalanmanı təşkil etməkdir. Xüsusilə də qida dəyəri çox olan, lakin daha tez həzm olunan qidalar olmalıdır. Yağlı, qızardılmış, duzlu, turş qidalardan istifadə edilməməlidir. Xüsusilə də, mövsümü meyvə-tərəvəzlərdən bol istifadə olunmalıdır.

Həmçinin, lazımi miqdarda su qəbulu da çox vacibdir. Çünki su qəbul etmədikdə də qidalar düzgün həzm olunmur. Həmçinin orqanizmdə su çatışmazlığı baş ağrısı və sağlamlıq problemlərinə yol açır.
Həmçinin yuxu rejiminə də diqqət edilməlidir, yeməkdən dərhal sonra yatmaq düzgün hesab olunmur”.

~ Abbaszadə Fidan