“İlk növbədə onu qeyd edim ki, orqanizm standart çalışma mexanizminə malik olduğu üçün istər Qurban bayramın da, istərsə də digər bayramlarda balanslaşdırılmış və sağlam qidalanmağa üstünlük verilməlidir. əgər hər hansı bir bayramda bu qidalanma rejimi pozulursa, mütləq şəkildə fəsadlar üzə çıxır. Ona görə də bayramlarda, xüsusilə də Qurban bayramında diqqət edəcəyimiz əsas məqamlardan biri gün ərzində qəbul edəcəyimiz qidanın miqdarını keçməməkdir. Yaxşı olar ki, qidalanmanı axşam saat 6-7 üçün bitirək. Qəbul olunan ət və digər qidalar yaxşı həzm olunsun”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qida üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, bayramda Qurban ətini kəsən kimi tez bişirib istehlak edirlər ki, bu da həzm sistemi üçün ağır problemlərə yol açır: “Bu xüsusilə də mədə-bağırsaq problemləri, qan təzyiqi, şəkərli diabet xəstəliyi olan insanların sağlamlığı üçün daha zərərli ola bilər. Ona görə də həmin insanlar kəsilən qurban ətlərini bir neçə saat soyuducuda saxladıqdan sonra bişirsinlər. Qurban ətini daha çox qaynadılmış və manqalda bişirilmiş şəkildə qəbul etmək faydalıdır. Əti qızartma şəklində qəbul etdikdə kanserogen maddələrin yaranmasına gətirib çıxarır ki, bu da mədə-bağırsaq sisteminin pozulmasına səbəb olur. Eyni zamanda, ətin yanında həm bişirilmiş, həm də çiy halda tərəvəzlər istehlak etmək məsləhətlidir. Bu, ətin asan həzm olunmasına kömək edir”.
Mütəxəssis sözlərinə davam edərək bildirib ki, ümumiyyətlə, Qurban bayramında mütləq baytar nəzarətindən keçmiş ət kəsilməlidir: “Çünki ət kəsilərkən onda olan bir çox bakteriya və viruslar insan orqanizminə keçə bilər. Nəticədə zəhərlənməyə gətirib çıxara bilər. Əgər soyuducuda saxlanılacaqsa, əti böyük parçalar şəklində deyil, xırda-xırda kəsilmiş halda qablaşdırmaq lazımdır. Əti mənfi 18 dərəcədə üç aya qədər saxlamaq mümkündür.
Həmçinin, bayramda bir dəfəyə həddindən artıq çox çeşiddə fərqli qidalar qəbul olunur ki, bu birbaşa olaraq orqanizmin yüklənməsinə gətirib çıxarır. Yaxşı olar ki, bayram günlərində yüngül şəkildə səhər yeməyi, ondan 3-4 saat sonra isə ətdən hazırlanmış qida qəbul edilsin. Yeməyin düzgün şəkildə həzm olunması üçün fasilə verilməsi önəmlidir”.