“Belə məhsulların istehlakçılara vurduğu təhlükələr tam olaraq bəlli olmur” – Sağlam qidalanma eksperti

0 Shares

Baş Nazir Əli Əsədov “Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi barədə Qərarında qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların istifadəçilər üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən elektron formada açıq reyestrinin aparılması ilə bağlı məsələlərin tənzimlənməsi nəzərdə tutulub.

Bu qərarla bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq ekspert Məhsəti Hüseynovanın fikirlərini öyrəndik. O, QHT.az – a açıqlamasında bildirib ki, qida məhsullarının təhlükəli hesab olunanları haqqında Qida Təhlükəsizlik hərəkatı olaraq uzun müddətli mübarizə aparırıq: “Təhlükəli hesab olunan, xüsusilə açıqda satılan çərəzlər, paxlalılar kilo ilə, çəki ilə satılır. Bəzən un məmulatları açıqda, nə vaxt istehsal olunduğu bəlli olmayan şəkildə satılır. Belə məhsulların istehlakçılara vurduğu təhlükələr tam olaraq bəlli olmur. Həmin məhsulların satışına qadağalar qoyulsa, qanunlar daha da sərtləşsə və eyni zamanda hər bir məhsulun hansı istehsalçı tərəfindən istehsal olunduğu tarix, tərkibindəki məlumatlar, saxlama şəraiti və bütün etiket məlumatları doğru, dolğun şəkildə qoyulduqda belə halların baş verməsi azalacaq. Bu qərarın qəbul olunması birinci növbədə əhalinin, insanların həyat və sağlamlığının qorunması ilə yanaşı, istehlakçıların hüquqlarının qorunması üçün böyük rol oynayacaq. Belə olan halda həmin istehlakçı şirkətləri daha məsuliyyətli olmağa, keyfiyyətli məhsulları bazara satışa çıxarmasına kömək olacaqdır”.