Bu gün Azərbaycan qış fəslinə qədəm qoydu. Hər kəsə məlumdur ki, qış fəsli özü ilə fəsadlarını da gətirir. Hansı ki, bu fəsadlar həm tibbi, həm psixoloji, həm də qidalanma olaraq orqanizmimizə öz təsirini göstərir.
Tibb elmləri namizədi, dosent, əməkdar həkim Tariel Eyvazov: “Hər kəsə məlumdur ki, qış fəslində bəzi mövsümi xəstəliklər özünü göstərir. Lakin xəstəliklərə hər bir orqanizmin fərdi reaksiyası əsasdır. Yəni orqanizmin immunitetinin hansı vəziyyətdə olması önəm daşıyır.
Qış fəslində ilk növbədə tövsiyyə olunur ki, fəslə, hava şəraitinə uyğun geyim tərzi seçmək önəmlidir. Eyni zamanda havalar soyuq olduqda insanlar günün böyük bir hissəsini örtülü məkanlarda keçirirlər, hansı ki, bu diqqət edilməsi vacib bir məsələdir. Çünki örtülü məkanlarda bir müddət sonra artıq təmiz hava tükənir. Buna görə də mütləq şəkildə harda olmanızdan aslı olmayaraq olduğunuzun yerin mütləq şəkildə havası tez-tez dəyişdirilməlidir.
Soyuq havalarda isti bir yerdən soyuq havaya çıxdıqda ilk olaraq burunla nəfəs almaq məsləhət görülür. Çünki burunun quruluşu elədir ki, daxil olan havanın təbii olaraq qızdırılması prosesi baş verir. Lakin ağız vasitəsilə nəfəs aldıqda isə birbaş soyuq hava kütləsi orqanizmimizə daxil olur və nəticə olaraq da müəyyən xəstəliklərə səbəb olur.
Məlumdur ki, hərəkətli olmaq, maye qəbulunu nizamlamaq, idmanla məşğul olmaq da vacib faktorlardır. Eyni zamanda qidalanmaya fikir vermək, qırmızı ət, balıq qəbul etmək, maye qəbulunu nizamlamaq lazımdır. Lakin qış fəslinin bir çox faydaları da var. Onlardan ən birincisi insanın yuxu prosesinin rejimə düşməsi, beynin qış aylarında daha səmərəli və intensiv işləməsidir”.
Psixoloq Vüsalə Əmiraslanova: “Fəsillərin insanlara psixoloji olaraq təsir göstərdiyi doğrudur. Qış və payız aylarında adətən insanlarda mövsümi olaraq duyğu dəyişimi baş verir. Çox sakit insanlar həmin zamanlarda olduqca emosional ola bilir və ya bunun əksi də baş verir. Bu kimi hallar mövsüm və fəaliyyətsizliklə əlaqədar olur. Bəzən insanlar daim fəaliyyətdə olduqda mövsümi dəyişikliklər onlara təsir göstərə bilmir.
Duyğu dəyişimi insanlarda depressiyaya da səbəb olur. Psixoloji baxımdan isə hər kəs bunu hiss edir, lakin hər insanda özünü fərqli formada büruzə verir. Lakin duyğu dəyişiminə, xüsusilə də depressiyaya səbəb təkcə mövsüm deyil. Mövsümlə yanaşı depressiyaya uzun müddətdir insan beynini, ruhunu əsarəti altına almış fikirlər də səbəb olur depressiyanı tətikləyir”.
Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova: “Qış aylarında günlük olaraq səhər saatlarında kabrohidrat qəbulu vacibdir. Səhər saatlarında qəbul olunan kabrohidrat enerjiyə çevrilir və gün boyu insanın enerjili olmasına səbəb olur. Eyni zamanda mütləq mövsümi və yerli meyvə-tərəvəz yemək lazımdır. Qış aylarında bitki çaylarına üstünlük vermək lazımdır.
Mütləq şəkildə həftədə iki dəfə qırmızı ət vəiki dəfə balıq qəbul olunmalıdır. Bundan başqa gün rəzində bir ovucu keçməmək şərti ilə çərəz də qəbul etmək mühümdür”.