3 may 2025-ci il tarixində Bakı şəhərində “Qidalanma və Qida Təhlükəsizliyi Forumu” keçirildi. Forumda sağlam qidalanma mədəniyyəti, qida təhlükəsizliyi və müasir dövrdə yaranan risklər müzakirə olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Forum Qida Təhlükəsizliyi Hərəkatı, Peşəkar Qənnadçılar İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.
Forumun açılışında çıxış edən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova tədbirin əhəmiyyətindən danışdı. O bildirdi ki, “Sağlam və təhlükəsiz qidalanma yalnız fərdi məsələ deyil, ictimai məsuliyyətdir. Biz bu forumda doğru qidalanma mədəniyyətini yaymaq üçün bir araya gəlmişik. Gəlin gələcəyimizi sağlam vərdişlərlə quraq.”
Tədbirin xüsusi qonağı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov da foruma qatıldı və çıxış edərək qida təhlükəsizliyinin ictimai sağlamlıq və milli təhlükəsizlik baxımından əhəmiyyətinə toxundu. O qeyd etdi ki, “Qida təhlükəsizliyi hər bir ailənin, cəmiyyətin və dövlətin sabitliyi üçün vacib məsələdir. Bu sahədə maarifləndirmə və nəzarət sistemi daim gücləndirilməlidir.”
Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev çıxış edərək bildirdi ki, “Şirniyyat mədəniyyətimizə dərin köklərlə bağlıdır. Amma düzgün texnologiya və tərkiblə hazırlandıqda şirniyyat sağlam qidalanmanın bir parçası ola bilər. Əsas odur ki, balansı qoruyaq.”
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirdi ki, “Qida təhlükəsizliyi məsələsi gənclər üçün də prioritet olmalıdır. Biz bu sahədə maarifləndirməni artırmaqla sağlam gələcək qurmağa töhfə verməliyik.”
Daha sonra panel müzakirələrlə spikerlərin çıxışları başladı.
İlk olaraq həkim-dietoloq Şumarə Qaracayeva çıxış edərək bildirdi ki, “Bəzi qidalar təhlükəsiz görünsə də, içində həyat yoxdur. Qida yalnız tərkibi ilə yox, faydası və təsiri ilə seçilməlidir.”
Qida eksperti Ağa Salmanov çıxış edərək bildirdi ki, “Qida zəncirində hər bir halqa – istehsal, saxlanma, daşınma – insan sağlamlığına təsir edir. Bu zəncirin hər addımı şəffaf və nəzarət altında olmalıdır.”
Daha sonra Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Müasir dövrün Qidalanma mifləri” mövzusunda çıxış edərək hansı miflərin həqiqətə uyğun olmadığı ilə bağlı maraqlı məlumatlar verdi.
“E-Kod” qida qatqı maddələri ilə bağlı mobil tətbiq və Qida təhlükəsizliyi Hərəkatının WhatsapQaynar xəttinin təqdimatını etdi.
Tədbir çərçivəsində həmçinin “İslamda Qida Mədəniyyəti” adlı kitabın təqdimatı keçirildi və iştirakçılar müəlliflərdən imzalı nüsxələr əldə etdilər.
“GS1 Azərbaycan” İctimai Birliyinin əməkdaşı Gülanə Rəsulova çıxış edərək bildirdi ki, “Qida təhlükəsizliyinin təmin olunmasında şəffaf qida zənciri əsas rola malikdir. İstehsaldan istehlaka qədər hər mərhələnin izlənə bilməsi və məlumatların dəqiq şəkildə qeydiyyata alınması həm istehlakçı inamını artırır, həm də risklərin vaxtında aşkarlanmasına şərait yaradır.”
Daha sonra “Refresh Qrup” MMC-nin baş icraçı direktoru Seymur Qafarov bildirdi ki, “HACCP sistemi sadəcə texniki standart deyil, istehlakçıya hörmətin göstəricisidir. Biz bu sistemi tətbiq etməklə həm məsuliyyət, həm də keyfiyyət təmin edirik.”
Tədbirin sonunda spikerlərə plaket, könüllülərə isə sertifikatlar təqdim olundu.
















- Hüseynli Nərgiz