Qida Təhlükəsizliyinin Gələcəyi: “Gastro Lezzet Sokağı 2025”-də Məhsəti Hüseynovadan Vacib Mesajlar

0 Shares


Bu il İstanbulda keçirilən “Gastro Lezzet Sokağı 2025” adlı  beynəlxalq qida sərgisi və festivalında yalnız ləzzətli dadların və milli mətbəxin bayramı olmaqla qalmadı, həm də qida təhlükəsizliyinin gələcəyinə dair vacib mesajlarla yadda qaldı. Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrinin ən diqqətçəkən çıxışlarından biri Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynovaya məxsus oldu.

Məhsəti Hüseynova öz çıxışında qida təhlükəsizliyi ilə bağlı dünyada və ölkəmizdə də mövcud vəziyyəti təhlil edərək, bu sahədə qarşıda duran çağırışlara və görülən tədbirlərə toxundu. O bildirdi ki, texnologiyanın inkişafı, iqlim dəyişiklikləri və qlobal ticarətin artması fonunda qida təhlükəsizliyi məsələsi daha da aktuallaşıb:

“Qida yalnız dad və görüntü deyil — onun arxasında ciddi nəzarət, maarifləndirmə və məsuliyyət dayanır. Biz “tarladan süfrəyə qədər”, “istehsaldan süfrəyə qədər” hər bir mərhələdə qida təhlükəsizliyi zəncirini qurmalıyıq,” – deyə Hüseynova vurğuladı.

Eyni zamanda Panel müzakirəsində Məhsəti Hüseynova Qida Təhlükəsizliyi Hərəkatının maarifləndirmə çərçivəsində görülən işlərindən bəhs etdi. Bu təşəbbüs çərçivəsində beynəlxalq tədbirlərlə yanaşı, Azərbaycanda, Türkiyədə və bir sıra başqa ölkələrdə maarifləndirmə tədbirləri keçirilib, istehlakçı hüquqlarının qorunması istiqamətində bir çox işlər görülüb.

Onun sözlərinə görə, təkcə dövlət orqanlarının yox, həm də ictimaiyyətin və sahibkarların fəal iştirakı qida təhlükəsizliyində həlledici rol oynayır. Məhsəti Hüseynova xüsusi ilə gənclər arasında qida və qidalanma ilə bağlı məlumatlandırmanın artırılması istiqamətində görülən işləri də qeyd etdi.

Paneldə Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev də spiker qismində çıxış etdi.

Panel iştirakçıları çıxışdan sonra Məhsəti Hüseynovanın fikirlərini dəstəkləyərək bu məsələnin yalnız qida sektorunun deyil, ümumi ictimai sağlamlığın da ayrılmaz hissəsi olduğunu vurğuladılar.

Çıxışın sonunda Spikerlərə Dünya İslam Aşbazlar Assosiasiyası (WICS) və TAŞPAKON-un rəhbəri Öner Çulfaz tərəfindən mükafatlar təqdim olundu.

Festivala qatılanlar Gənclərin töhfəsi İB-nin Sədri Asim Vəliyev də iştirak edirdi.

“Gastro Lezzet Sokağı 2025” tədbiri bu il təkcə mətbəx ənənələrinin nümayişi ilə deyil, həm də dayanıqlı və təhlükəsiz qida müzakirələri ilə tarixə düşdü.

  • Hüseynli Nərgiz