Qida sənayesində neft mənşəli maddələr: zərər, yoxsa risk? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Gündəlik rasionumuzda yer alan bir çox rəngli qazlı içkilərin, şirniyyatların, hazır sousların və fast-food məhsullarının cəlbedici görünüşünün arxasında neft-kimya sənayesinin emal məhsulları olan sintetik qatqılar dayanır. Bu maddələr qidaların rəngini, dadını və görünüşünü yaxşılaşdırmaq, həmçinin raf ömrünü uzatmaq üçün istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cür qatqılar insan sağlamlığı üçün ciddi risklər yarada bilər.

Mövzu ilə bağlı Məhsəti Hüseynova bildirib ki, qidalarda istifadə olunan maddələr birbaşa xam neft deyil, neft-kimya sənayesində emal olunan kimyəvi mənşəli əlavələrdir. Bu maddələr qidanın rəngini, dadını və teksturasını yaxşılaşdırmaq, eləcə də məhsulun uzun müddət xarab olmamasını təmin etmək üçün istifadə edilir.

Mütəxəssisin sözlərinə görə, bu qatqılar uzunmüddətli istifadə zamanı orqanizmdə ciddi problemlər yarada bilər. Xüsusilə azyaşlılar, yaşlı insanlar, hamilə və südverən qadınlar, həmçinin immun sistemi zəif olan şəxslər üçün daha təhlükəlidir.

Bu tip maddələrə daha çox aşağıdakı məhsullarda rast gəlinir:

rəngli qazlı içkilər,

jelibon və rəngli şirniyyatlar,

hazır souslar,

fast-food məhsulları,

çips və digər qəlyanaltılar,

ucuz kolbasa, sosiska və emal olunmuş ət məhsulları.


Məhsəti Hüseynova qeyd edib ki, xüsusilə E102, E110 və E129 kimi rəngləndiricilər qidalara sarı və qırmızı rəng vermək üçün istifadə olunur. Bu maddələr uşaqlar üçün nəzərdə tutulan bir çox şirniyyatda da tətbiq edilir. Davamlı istifadə zamanı isə baş ağrısı, allergiya, həzm problemləri və narahatlıq yarada bilər.

Bundan başqa, E320 və E321 kimi qatqılar da yağlı məhsullarda istifadə olunur. Mütəxəssis bildirir ki, bu maddələrin uzun müddət qəbulu qaraciyərdə yüklənməyə səbəb ola və kanserogen risk yarada bilər. Bəzi hallarda isə bu qatqılar süni dadlandırıcı və aromatizator kimi istifadə edilir.

Ekspert istehlakçılara məhsul alarkən etiket məlumatlarını diqqətlə oxumağı tövsiyə edir. Onun sözlərinə görə, tərkibində çoxlu “E” kodları olan məhsullar gündəlik qida kimi istifadə edilməməlidir.

Mütəxəssis həmçinin bəzi idxal meyvələrində istifadə olunan parafinləmə prosesinə də diqqət çəkib. Bu proses meyvələrin daha parlaq görünməsi və uzun müddət xarab olmaması üçün tətbiq edilir. Lakin belə məhsulların uzunmüddətli istifadəsi orqanizmdə yığılma riski yarada və həzm sisteminə mənfi təsir göstərə bilər.

Məhsəti Hüseynovanın fikirlərinə əsasən, qidaların cəlbedici görünüşü və uzun müddət saxlanılması bəzən sağlamlıq hesabına başa gəlir. Buna görə də istehlakçıların məhsul seçərkən daha diqqətli olması, xüsusilə süni rəngləndirici, dadlandırıcı və konservantlardan mümkün qədər uzaq durması vacib hesab olunur.

  • Fidan Abbaszadə