Qida saflığı və saxta məhsullar-Qlobal problem! – Ekspert Asim Vəliyev AÇIQLADI:

0 Shares

Qida saflığı və saxta məhsullar dünya miqyasında artan qlobal problemdir. Bazarda saxta və keyfiyyətsiz məhsulların yayılması yalnız sağlamlığımız üçün təhlükə yaratmır, həm də iqtisadi və sosial nəticələr doğurur. Qida mütəxəssisləri bildirir ki, istehlakçılar məlumatlı olmadıqda və nəzarət mexanizmləri güclü olmadıqda bu problem daha da böyüyür.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti, həmtəsisçi Asim Vəliyev bildirib ki, etiketdə yazılandan fərqli tərkib, mənşənin gizlədilməsi, ucuz maddə qatılması və başqa qida saxtakarlıqlarını dəqiq ölçmək çətindir:

“Çünki çoxu yalnız yoxlama olanda üzə çıxır. Bir hissəsi isə ümumiyyətlə aşkar edilmir. Bu hal qida təhlükəsizliyi üçün real riskdir. Beynəlxalq səviyyədə aidiyyəti üzrə qurumlar, hüquq-mühafizə orqanları birgə əməliyyatları nəticəsində hər il saxta və substandart qida-içkilərini aşkarlayır. Tonlarla məhsul müsadirə edilir, bəzən həbslər də olur. Bu halların daha çox hansı ölkələrdə yayıldığını demək çətindir. Çünki bu hal təkcə ölkə məsələsi deyil. Qida zəncirinin harasında boşluq varsa, orada böyüyür. Yəni böyük idxal-ixrac axınları olan bazarlar, yüksək qeyri-rəsmi ticarət payı olan yerlər, onlayn satışın nəzarətsiz qaldığı kanallar, yüksək qiymətli və asan saxtalaşdırılan məhsulların dövriyyəsi zamanı baş verə bilir. Tədarük zənciri uzandıqca və izlənə bilmə zəiflədikcə risk artır.

Qida saflığını təmin etmək üçün iki böyük sütun var: qaydalar və icra mexanizmi. Kodeks Alimentarius ölkələrin qanunvericiliyinə istiqamət verən beynəlxalq standartlar toplusudur. Kodeksdə qida bütövlüyü və autentiklik mövzusu ayrıca müzakirə olunub və saxtakarlığın artmasına qarşı alətlərin hazırlanmasının zəruriliyi qeyd edilir. İstehlakçı üçün ən faydalı siqnallar adətən çox ucuz qiymət, mənşə və etiket məlumatının qeyri-aydın olması, qeyri-rəsmi satış kanalı, sənəd və çekin verilməməsi, brend qablaşdırmasının keyfiyyətsiz görünməsidir. Bunlar sübut deyil, sadəcə risk əlamətləridir”.

  • Fidan Abbaszadə