“Qida məhsulları üzərində ciddi laborator analizlərin və şəffaf mənşə izləmə sistemlərinin tətbiqi vacibdir!” – MÜTƏXƏSSİS Asim Vəliyevdən AÇIQLAMA:

0 Shares

“Təhlükəsiz qida sağlam cəmiyyətin əsas şərtidir. Bu istiqamətdə dövlət, sahibkar və istehlakçının üzərinə düşən məsuliyyətlər balanslı şəkildə yerinə yetirilməlidir.
Təhlükəli qida dedikdə insan sağlamlığına zərər yetirə biləcək kimyəvi, bioloji və ya fiziki çirklənməyə məruz qalmış, saxlanma və istehsal qaydalarına əməl olunmadan hazırlanmış, mənşəyi və tərkibi dəqiq bəlli olmayan məhsullar nəzərdə tutulur”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında sağlam qida təbliğatçısı Asim Vəliyev deyib.

Mütəxəssis bildirib ki, belə qidalar orqanizmdə zəhərlənmə, allergik reaksiyalar, yoluxucu xəstəliklər, uzunmüddətli istifadə zamanı isə xərçəng və digər ciddi xəstəliklərə səbəb ola bilər:

“Azərbaycanda təhlükəli qidalarla bağlı aparılan monitorinqlər və mediada yayımlanan araşdırmalar göstərir ki, bəzi məhsullar xüsusilə diqqətə ehtiyac duyur. Siyahının başında saxta qazlı içkilər, tərkibində normadan artıq qatqı maddəsi olan kolbasa və sosislər, düzgün saxlanılmayan ət məhsulları, mənşəyi bəlli olmayan süd və süd məhsulları, müxtəlif növ şirniyyatlar və enerji içkiləri gəlir. Uşaqlar üçün nəzərdə tutulan bəzi məhsullarda, məsələn saqqız və rəngli konfetlərdə istifadə olunan e-kodlu boyalar, dadlandırıcılar və kimyəvi əlavələr normanı aşır və bu da onların inkişafına mənfi təsir göstərir”.

Asim Vəliyevin sözlərinə görə, müvafiq dövlət qurumları və digər aidiyyəti strukturlar təhlükəli qidaların aşkarlanması, bazardan yığışdırılması və maarifləndirmə işləri istiqamətində addımlar atmalıdır:

“İlk növbədə, idxal olunan və yerli istehsal olan məhsullar üzərində ciddi laborator analizlərin və şəffaf mənşə izləmə sistemlərinin tətbiqi vacibdir. İctimai iaşə obyektlərində və məktəb bufetlərində satılan qidaların təhlükəsizlik standartlarına cavab verib-vermədiyinə daimi nəzarət olunmalıdır. Qida təhlükəsizliyi ilə bağlı maarifləndirici kampaniyalar artırılmalı, istehlakçılar qida etiketlərini oxumağa və məlumatlı seçim etməyə təşviq olunmalıdır”.

  • Abbaszadə Fidan