Yay aylarında havaların isti keçməsi qidaların daha tez xarab olmasına şərait yaradır. Bu da öz növbəsində qida zəhərlənmələri riskini dəfələrlə artırır. Çox vaxt sadə gigiyena qaydalarına əməl etməmək və ya qidaları düzgün saxlanılmaması faciəyə səbəb olur.
Bu günlərdə, iyulun 12-də Gəncə şəhərində 7, iyulun 14-də 3, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktına dair hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunub və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Qidadan növbəti zəhərlənmə hadisəsi iyulun 15-də Şəmkirin Kür qəsəbəsində fəaliyyət göstərən “Narın Qala” restoranında baş verib. 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib. Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
XQ-yə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı açıqlamasında bildirdi ki, bəzi qidalar var ki, bunlar yüksək risk qrupuna aiddir, xüsusilə də yüksək temperaturda xarab olmağa meyillidir. Ona görə mütləq şəkildə həmin qidalar yay mövsümündə daha tez xarab olmağa məruz qaldığına görə bu qidaları doğru şəkildə soyuq zəncir prinsipində əsaslanaraq saxlamaq lazımdır. Bunlar əsasən süd və süd məhsulları, xüsusilə qatıq, pendir, qaymaq, eləcə də ət və ət məhsullarıdır ki, bunlar da tez xarab olmağa meyillidir, dəniz, balıq məhsulları, yumurtadan hazırlanan məhsullar, kremli şirniyyatlar, eləcə də ev üsulu hazırlanmış qarışıq salatlar, kəsilmiş, doğranmış meyvələr var ki, bunlar daha tez xarab olmağa meyillidir. Ona görə bu məhsulları həm evdə, həm satış yerlərindən alarkən yeni olmasına və 2-4 dərəcə arasında temperaturda saxlanılmasına diqqət olunmalıdır. Və mütləq şəkildə bu qidaları əgər doğru şəkildə mühafizə olunmayacaqsa, evdə də az miqdarda alınması tövsiyə olunur.
M.Hüseynova qeyd edir ki, əgər bişirilmiş məhsullardırsa, bunları 2 saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Mütləq soyuducuya yerləşdirmək lazımdır və hər məhsulu da özünə uyğun olaraq düzgün qablaşdırmada istifadə edərək saxlanılmalıdır. Məhsullar hazırlanarkən, saxlanılarkən sanitar-gigiyena qaydalarına da əməl olunması ən vacib şərtlərdəndir.
Yay mövsümündə müxtəlif meyvələrin mövsümü olduğuna görə, bəzən onlar yumadan və yaxud da yaxşı yuyulmadan yeyilir ki, bu da bir çox hallarda sağlamlıq fəsadları törədə bilər. Ona görə bu məqamda da diqqətli olmaq lazımdır. Təbii ki, Qida Təhlükəsizliyi Agentliyi də mütəmadi olaraq nəzarətləri gücləndirməlidir, xüsusilə satış yerlərində. Qeyri-qanuni, mənşəyi bəlli olmayan məhsulların satışının qarşısı mütləq alınmalıdır. Xüsusilə də məhsulların satışı həyata keçirilərkən, daşıma və saxlanılma zamanı şəraitdə də soyuq zəncir prinsipi əsas götürülməlidir.
Bundan başqa, mütəmadi olaraq əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Çünki bu, bir çox hallarda qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr çərçivəsində həyata keçirilsə də, bu layihələrin müddəti çox qısa və eləcə də birdəfəlik olduğuna görə mütəmadi olaraq bunu aidiyyəti üzrə qurumun həyata keçirməsi, davamlı olaraq etməsi daha effektiv olar. Eyni zamanda da bəzən müxtəlif zərərli, keyfiyyətsiz qidaların reklamı daha çox əlçatan, hər yerdə görünən olduğu halda, bəzən bu kimi əsas məlumatlar insanlara daha az çatdırılır və yaxud da əlçatan olmur ki, bu məlumatlar da müxtəlif şəkillərdə çatdırılmalıdır.
Supermarketlərdə, eləcə də satış obyektlərində soyuducuların düzgün işləməsinə, məhsulların istehsal tarixinə, son istifadə müddətinə ciddi nəzarət olmalıdır. Açıq şəkildə satılan məhsulların mənşəyi bəlli deyilsə, keyfiyyətsizdirsə, bunlar məhdudlaşdırılmalıdır. Eyni zamanda, bütün bu prosesi həyata keçirən işçi heyətin şəxsi gigiyenası da çox önəmlidir ki, burada da personalın təlimatlı olması çox önəmli məsələlərdəndir.
Qida mütəxəssisi daha bir vacib məqamı qeyd etdi ki, bir çox hallarda da mətbəxlərdə çiy və hazır məhsul, bişmiş məhsullar eyni yerdə saxlanılır, eyni taxta lövhələrdə və yaxud doğrama səthlərində doğranılır ki, bu da çarpaz çirklənməyə məruz qalır. Ona görə mütəmadi olaraq həm supermarketlərdə, həm ictimai iaşə obyektlərində işçi personalın maarifləndirilməsi, təlimatlandırılması həyata keçirilməklə yanaşı, eyni zamanda da mütəmadi nəzarət tədbirləri də keçirilməsi vacibdir.
• Fidan Abbaszadə





