Düşünün ki, sevimli yeməyiniz hazırlandıqda, onun hər bir addımı sizin sağlamlığınız üçün nə qədər əhəmiyyətlidir. Qida təhlükəsizliyi yalnız ləzzət deyil, həm də sağlamlıq deməkdir. Qida istehsalında baş verən təhlükəsizlik səhvləri və onların qarşısını almaq üçün görülən tədbirlərlə sizi təəccübləndirəcəyik.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyevbildirib ki, qida istehsalında təhlükəsizlik səhvləri həm insan sağlamlığı, həm də iqtisadi itkilər baxımından ciddi problemlər yaradır:
“Qida istehsalı prosesində gigiyenik normaların pozulması mikrobioloji çirklənməyə səbəb ola bilər. Əllərin düzgün yuyulmaması, çirkli avadanlıqların istifadəsi və şəxsi gigiyenaya diqqətsizlik qida zəhərlənmələrinin əsas səbəbləridir. Bu səbəbi aradan qaldırmaq üçün işçilərə gigiyena qaydaları barədə mütəmadi təlimlər keçirilməlidir. Zavodlarda gigiyena standartlarına uyğun olaraq əl yuma məntəqələri və dezinfeksiya vasitələri təmin edilməlidir. Həmçinin xammalın və avadanlıqların gigiyenik vəziyyəti mütəmadi yoxlanılmalıdır.
Qida istehsalında istifadə olunan xammalın temperatur rejiminə və saxlanma müddətinə əməl edilməməsi məhsulun tez xarab olmasına səbəb olur. Məsələn, süd məhsulları, ət və tərəvəzlərin düzgün saxlanılmaması təhlükəli bakteriyaların inkişafına gətirib çıxarır. Bu baxımdan, xammalın saxlanması üçün tələb olunan temperatur rejiminə ciddi nəzarət edilməlidir. İlk daxil olan məhsulun ilk istifadə olunması prinsipinə (FIFO – First In, First Out) riayət edilməlidir”.
A.Vəliyev bildirib ki, saxlanma sahələri mütəmadi təmizlənməli və gigiyenik standartlara uyğun saxlanılmalıdır:
“Xammallar arasında çarpaz çirklənmə, məsələn, çiy ət ilə tərəvəzlərin bir yerdə işlənməsi və ya saxlanması nəticəsində ciddi təhlükələr yaranır. Bu, xüsusilə salmonella və e. coli kimi bakteriyaların yayılmasına şərait yaradır. Çiy və hazır qidaların işlənməsi üçün ayrı-ayrı iş masaları və avadanlıqlar təmin edilməlidir. İş zamanı fərqli məhsullar üçün xüsusi alətlərdən (bıçaq, kəsmə lövhəsi və s.) istifadə edilməlidir. Həmçinin iş sahələrinin təmizliyi və dezinfeksiyası davamlı olaraq həyata keçirilməlidir.
İstehsal prosesində beynəlxalq standartlara (HACCP, ISO 22000) əməl edilməməsi istehlakçıların sağlamlığı üçün risklər yaradır. Uyğunsuzluqlar zəhərlənmələr və ya məhsul geri qaytarma kimi hallara səbəb olur. Ona görə də istehsal müəssisələrində qida təhlükəsizliyi üzrə sertifikatlaşdırma prosesləri həyata keçirilməlidir. Müasir texnologiyalardan istifadə olunmalı, istehsal prosesləri avtomatlaşdırılmalıdır. Mütəmadi olaraq daxili və xarici auditlər aparılmalıdır.
Təlim keçməmiş işçilər təhlükəsizlik qaydalarına əməl etməkdə çətinlik çəkir, bu isə proseslərin keyfiyyətinə mənfi təsir edir. İşçilər üçün qida təhlükəsizliyi üzrə təlimlər mütəmadi şəkildə təşkil edilməlidir. Təlim materialları sadə və praktik olmalıdır ki, işçilər məlumatları asanlıqla tətbiq edə bilsinlər. Təlimlərdə həvəsləndirmə mexanizmlərindən istifadə edilə bilər (sertifikatlar, bonuslar)”.
Ekspert qeyd edib ki, istehsal zamanı təmizləyici kimyəvi maddələrin düzgün istifadə edilməməsi və ya qida ilə təmas edilməsi ciddi zəhərlənmələrə səbəb olur:
“Kimyəvi maddələrin istifadəsi zamanı texniki təlimatlara tam riayət edilməlidir. Qida istehsalı sahələrində yalnız qida üçün təhlükəsiz təsdiqlənmiş kimyəvi maddələr istifadə olunmalıdır. Kimyəvi maddələr qida məhsullarından uzaqda saxlanılmalıdır.
Bəzi istehsalçılar köhnəlmiş və ya yararlılıq tarixi keçmiş məhsulları yenidən bazara çıxarırlar ki, bu da istehlakçıların sağlamlığı üçün təhlükə yaradır. Yararlılıq tarixlərinə nəzarət üçün effektiv sistem qurulmalıdır. İstehsal müəssisələrində məhsulların izlənilməsi üçün kodlaşdırma sistemləri tətbiq edilməlidir”.
~ Abbaszadə Fidan