Məlumat üçün bildiririk ki, “Qadınlar Gələcək Uğrunda” ictimai birliyinin tərəfindən “Gənc ailə məktəbi” adlı layihənin icrasına başlanıb. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Əsas məqsəd 18-35 yaş arası gənc valideynlərinin, eləcə də ailə həyatı qurmağa hazırlaşan gənclərin erkən uşaqlıq dövrü inkişafı və pozitiv valideynlik üzrə bilik və təcrübəsini təkmilləşdirməkdən ibarətdir. Gənclər üçün erkən uşaqlıq inkişafı problemlərini başa düşmək və məlumatlı olmaq həm onların gələcək valideynlik rollarında, həm də uşaqların cəmiyyətdə inkişafına töhfə verməkdə əhəmiyyətlidir.
Layihə çərçivəsində ilk tədbir 11 iyun tarixində Şirvan şəhər Gənclər evində keçirilib. Tədbirdə 25 gənc iştirakçıya “Gənc ailə məktəbi” adlı kitabçalar paylanılıb. Həmçinin layihə rəhbəri Məhsəti Hüseynova iştirakçılara “Körpəlikdən məktəb yaşına qədər olan inkişaf dövrləri və bu dövrlərin xüsusiyyətləri”, “Erkən uşaqlıq dövründə balanslı və sağlam qidalanmanın əhəmiyyəti” barədə geniş məlumat verib. Daha sonra layihə eksperti, hüquqşünas Rəşad Nəbiyev iştirakçılara erkən nikahın fəsadları və məişət zorakılığı ilə mübarizəyə dair iştirakçılara məlumat verib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Nəzərinəz çatdırırıq ki, layihə çərçivəsində Abşeron və Sabirabad rayonlarında da tədbirlər keçiriləcək.