17 may 2025-ci il tarixində Xətai ART Studio-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Peşəkar Qənnadçılar” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanın yemək inciləri” adlı layihə çərçivəsində geniş tədbir keçirildi.
Tədbirin əsas məqsədi Qərbi Azərbaycana məxsus zəngin kulinariya ənənələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi, həmçinin mətbəx irsimizin ictimaiyyət arasında tanıdılması idi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı.
Tədbiri giriş sözü ilə “Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədri Eynur Nağdəliyev açaraq, layihənin əhəmiyyətindən danışdı. O bildirdi ki, bu təşəbbüs təkcə kulinariya irsimizin deyil, həm də Qərbi Azərbaycanın mədəni yaddaşının qorunmasına yönəlmiş mühüm bir addımdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Günay Vəliyeva çıxış edərək qeyd etdi ki, bu layihə qeyri-hökumət təşkilatlarının mədəni irsin qorunması və təbliğində oynadığı mühüm rolu bir daha nümayiş etdirir. O, Agentlik tərəfindən bu kimi təşəbbüslərin hər zaman dəstəkləndiyini vurğuladı.
Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynova çıxışında bildirdi ki, Qərbi Azərbaycanın qida ənənələri sadəcə qastronomiya deyil, eyni zamanda xalqın kimliyini və tarixini özündə daşıyan dəyərlərdir. O, qida təhlükəsizliyi baxımından da bu ənənələrin öyrənilməsinin vacibliyini qeyd etdi.
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rzazadə qeyd etdi ki, bu cür layihələr yalnız mədəni deyil, həm də sosial aspektdən vacibdir. Onun sözlərinə görə, qadınların və gənclərin bu irsə yiyələnməsi onların sosial-iqtisadi fəallığını da artırır.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevçıxışında vurğuladı ki, gənclərin bu layihələrdə aktiv iştirakı onların milli-mənəvi dəyərlərlə bağlılığını artırır və bu istiqamətdə maarifləndirmə işinin davam etdirilməsi vacibdir.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli isə bildirdi ki, Qərbi Azərbaycan mədəniyyəti bütövlükdə Azərbaycan xalqının tarixi yaddaşıdır və bu dəyərlərin qorunması hər bir vətəndaşın borcudur.
Daha sonra Qərbi Azərbaycanın mətbəxini əks etdirən rəsm müsabiqəsinin və yemək müsabiqəsinin qalibləri elan olundu və onlar qiymətli hədiyyə, təşəkkür plaketlərivə pul mükafatları ilə təltif edildi.
Tədbir iştirakçıları Qərbi Azərbaycana məxsus ənənəvi şirniyyatlar və yeməklərin dadına baxmaq imkanı əldə etdilər. Tədbir tanınmış müğənnilərin iştirakı ilə təşkil olunan konsert proqramı ilə yekunlaşdı.





























- Hüseynli Nərgiz