18 may 2025-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində Gənclərin Töhfəsi İctimai Birliyinin və Azərbaycan-Türkiyə qida təhlükəsizliyi ictimai birliyinin təşkilatçılığı ilə “PR MANİFESTİ: ÖZ HEKAYƏNİ YARAT” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi gənclərə ictimaiyyətlə əlaqələr (PR) sahəsində bilik və bacarıqlar qazandırmaq, onların şəxsi və təşkilati hekayələrini düzgün şəkildə formalaşdırmaq qabiliyyətini inkişaf etdirmək idi.
Tədbirin açılış nitqi ilə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova çıxış edərək gənclərin cəmiyyət həyatında fəal iştirakının vacibliyini vurğuladı. O qeyd etdi ki, müasir dünyada effektiv kommunikasiya və ictimaiyyətlə düzgün əlaqələr qurmaq uğura gedən əsas yollardan biridir.
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev isə çıxışında təşkilatın gənclərin inkişafına yönəlik həyata keçirdiyi layihələrdən bəhs etdi. O bildirdi ki, bu kimi tədbirlər gənclərin kreativliyini, özünü təqdimat bacarıqlarını və ictimai fəallıqlarını artırır.
Tədbirin əsas hissəsində PR mütəxəssisi Nailə Mirzəzadə tərəfindən “PR nədir və necə fərqlənmək olar?” mövzusunda interaktiv təlim keçirildi. Təlimdə iştirakçılar şəxsi brendinq, effektiv media ilə ünsiyyət, böhran vəziyyətlərində kommunikasiya strategiyaları və hekayə yaratma texnikaları haqqında faydalı bilgilər əldə etdilər.
Sonda tədbirdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olundu.













- Hüseynli Nərgiz