Ramazan ayında oruc tutan insanlar ilk növbədə sağlamlıq vəziyyətlərini yoxlatmalı, hər hansı problem olarsa, orucu yalnız həkimlərin məsləhəti olarsa davam etdirməlidir. Yüksək risk qrupuna aid olan insanlar, hər hansı xəstəliyin müalicəsi zamanı dərman qəbul edənlər, hamilələr və südverən analar, yeniyetməlik dövründə olan uşaqlar üçün oruc tutmaq sağlamlığa təhlükə yarada bilər.
Bunu Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə, mədəsində problemi olan şəxslər uzun müddət aclıq zamanı ağrılarla üzləşə bilərlər və bu zaman orucu dayandırmaq tövsiyə olunur. Oruc tutan zaman su qəbuluna xüsusi diqqət etmək lazımdır. Uzun müddət aclıq və oruc tutduqdan sonra lazım olan mayenin əvəz edilməsi üçün iftardan sahura qədər müəyyən fasilələrlə su içilməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə yaşlılarda, böyrək, ürək və təzyiq xəstələrində maye qəbulunu həkim nəzarəti və təqibi altında aparmaq və bu istiqamətdə tətbiq etmək daha düzgündür. Böyüklərin Ramazan ayında oruc tutduqları zaman gündə ən azı 7-8 stəkan su içmələri vacibdir. Suyu içərkən otaq temperaturunda qəbul etmək lazımdır. Soyuq su mədədə sıxılmalara, ağrıya, qarında şişkinliyə, həzm prosesində çətinləşməyə və həzm pozuntularına səbəb ola bilər.
“Oruc tutarkən susuz qalmamaq üçün kifayət qədər maye qəbul etməklə yanaşı, iftar və sahur yeməklərində susuzluğa səbəb olacaq turşulara, duzlu və ədviyyatlı, çətin həzm olan qidalara, qızardılmış və yağlı qidaları da rasiondan çıxarmaq lazımdır.
İftar ilə sahur arasında qəbul ediləcək suya təzə limon dilimləri, yerli və mövsümi meyvə dilimləri və ya təzə nanə yarpağı əlavə edərək qəbul etmək su içməyi daha da asanlaşdırır, həm də mədəni rahatlaşdırır.
Qəbul olunan çay, qəhvə, qazlı, rəngli, şəkərli içkilər suyun yerini vermir, mümkün qədər bu içkilərdən uzaq durmaq lazımdır.
Su orqanizmdən toksinlərin atılmasını təmin edir, dərini cavanlaşdırır, daxili orqanların funksiyasını yaxşılaşdırır, qan dövranını sürətləndirir, həzm sistemini normallaşdırır”, – deyə M.Hüseynova vurğulayıb.
Mütəxəssis qeyd edib ki, yeməyi qəbul edərkən mütləq çox çeynəmək lazımdır. Çünki çeynənilmədən qəbul edilən qidalar da mədədə ağrılara səbəb olur.
Eyni zamanda qarın bölgəsinin, mədənin üst hissəsinin isti saxlanılmasına diqqət etmək lazımdır. Çünki mövsüm dəyişikliyi ilə bağlı oruc tutan zaman mədə daha tez soyuqdəyməyə məruz qalır.
Həmçinin orucu açdıqdan, qida qəbulundan sonra uzanmaq düzgün deyil. Mütləq şəkildə yarım saat yerimək lazımdır ki, həzm prosesi daha yaxşı getsin.
- Hüseynli Nərgiz