Bu qidalar hamiləliyin sonlanmasına səbəb olur – Ekspert AÇIQLADI:

0 Shares

Hamiləlik qadınların həyatında hormonlarla əlaqəli olaraq, həm fiziki, həm də psixoloji dəyişikliklərin olduğu həssas bir dönəmdir. Bu müddətdə xanımları ən çox maraqlandıran məsələlərdən biri qidalanma qaydalarıdır.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, ekspert Məhsəti Hüseynova TNS-ə bildirib ki, “Hamilə qadın necə qidalanmalıdır?” sualına keçməzdən öncə hamilə qadınların ilk başlarda yaşadığı iştahsızlıq probleminə diqqət yetirmək lazımdır: “Hamiləlik dövrünün ilk 12 həftəsinə kimi bəzi hormonlar bədəndə dəfələrlə artır və bu səbəblə ilk üç ayda ürəkbulanma, qusma, həzmsizlik kimi problemlər ortaya çıxır. İlk aylarda yaşanan bu narahatlıqlar hamilə qadınların çəki itirməsinə səbəb ola bilir. Lakin qısa zaman sonra bu hallar aradan qalxır. Üç aydan artıq müddətdə iştahsızlıq, çox qaytarma kimi narahatlıqlar qalarsa, bu barədə mütləq həkimə məlumat verilməlidir”.

Ekspert qeyd edib ki, körpənin sağlamlığı ana və atanın hamiləlikdən 70 gün əvvəldən qəbul etdiyi qidaların tərkibindən asılıdır: “Gələcəkdə körpənin immun sistemində bu amillər rol oynayır. Hamiləlik zamanı mütləq şəkildə balanslı və kifayət qədər sağlam qidalanmaq lazımdır ki, həm ananın, həm körpənin sağlamlığı düzgün şəkildə inkişaf etsin. Eyni zamanda qəbul olunan qidaların tərkibindəki karbohidrat, zülal, vitaminlərin miqdarı kifayət qədər olmalıdır. Əks halda, erkən doğum, körpənin inkişafdan geri qalması, bəzən də doğuma yaxın ölü doğulan uşaqların dünyaya gəlməsinə səbəb olur. Ona görə də sağlam qidalanma mütləq şəkildə diqqət olunacaq məqamlardan biridir. Yaxşı olar ki, hamiləlik vaxtı kolbasa, sosiska kimi işlənmiş, rəf ömrü uzun olan paketlənmiş qidalardan istifadə edilməsin və ya az miqdarda istifadə edilsin”.

Mütəxəssis deyib ki, az bişmiş heyvan mənşəli qidalardan uzaq durmaq məsləhətlidir: “Çünki onlarda müəyyən xəstəliklər var ki, ananın sağlamlığına ziyan vurmaqla yanaşı, hamiləliyin sonlanmasına səbəb ola bilər. Digər bir məqam tərkibində kofein olan enerji içkiləri, həddindən artıq çox şokalad qəbul edilməsi tövsiyə edilmir. Bu, sinir sisteminin pozulmasına, yuxu probleminə gətirib çıxarır. Həmçinin mədədə turşuluq artır, bu da yanmaya, qıcqırmaya səbəb olur. Yaxşı olar ki, gündəlik istifadə olunmasın. Daha çox karbohidratlı maddələrdən uzaq durmaq lazımdır. Gün ərzində 3-4 dəfə əsas yemək qəbul edilməsi tövsiyə olunur. Həftədə 2 dəfə qırmızı ət, 2 dəfə balıq, 2 dəfə toyuq yeyilə bilər. Bunların yanında, paxlalı qidalar bulqur, düyü, qarabaşağın yeyilməsi uyğundur. Gün ərzində 1-2 dilim kəpək unundan hazırlanmış çörəkdən istifadə edə bilərlər. Şirin meyvələrə allergiyası olan xanımlar 1-2 dilim şirin bibər qəbul etməklə, bədənin C vitamin tələbini ödəyər. Hamiləliyin ilk 3 ayında qatıq, süd ve kefirdən istifadə olunması tövsiyə olunur”.

~Abbaszadə Fidan