Yay mövsümündə havaların isinməsi ilə dondurma istehlakı da əhəmiyyətli dərəcədə artır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün saxlanılmayan, mənşəyi məlum olmayan və keyfiyyətsiz xammaldan hazırlanan dondurmalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova mövzu ilə bağlı Xeberler.net-ə açıqlamasında bildirib ki, dondurma süd məhsulu olduğu üçün tez xarab olmağa meyillidir. Məhsulun düzgün hazırlanmadığı və ya lazımi temperaturda saxlanılmadığı hallarda qida zəhərlənmələri, mədə-bağırsaq pozğunluqları və həzm sistemi ilə bağlı müxtəlif problemlər yarana bilər.
Mütəxəssis qeyd edib ki, yay aylarında dondurma alarkən ilk növbədə onun hansı şəraitdə satıldığına diqqət yetirilməlidir. Dövlət qurumları tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilsə də, bütün satış nöqtələrini tam əhatə etmək mümkün olmur. Xüsusilə açıq şəkildə, günəş altında satılan çəkili dondurmalar daha yüksək risk daşıyır.
Onun sözlərinə görə, belə dondurmaların üzərində etiket məlumatları olmadığından məhsulun nə vaxt hazırlandığını, təzə olub-olmadığını və ya əridildikdən sonra yenidən dondurulub-dondurulmadığını müəyyən etmək mümkün deyil. Bundan əlavə, açıq satılan dondurmalarda istifadə olunan mürəbbə, cem, sous və digər əlavələr məhsulun xarab olma riskini daha da artırır. Belə dondurmalar fasiləsiz dondurulmuş şəraitdə saxlanılsa belə, 2–3 gündən artıq saxlanılması məqsədəuyğun hesab edilmir.
Məhsəti Hüseynova vurğulayıb ki, istehlakçılar çox vaxt yalnız satıcının “təzədir” sözünə inanırlar. Gün ərzində müxtəlif qidalar qəbul edildiyi üçün sonradan yaranan narahatlığın məhz hansı qidadan qaynaqlandığını müəyyən etmək çətinləşir. Buna görə də keyfiyyəti və mənşəyi məlum olmayan satış yerlərindən dondurma almaq tövsiyə olunmur.
Mütəxəssisin sözlərinə görə, keyfiyyətli dondurma əsasən süd, qaymaq, kərə yağı, təbii şəkər, təbii meyvələr və kakao kimi məhsullardan hazırlanmalıdır. Məhz bu inqrediyentlərdən istifadə olunduqda məhsulun qida dəyəri yüksək olur və qiyməti də istifadə olunan xammalın keyfiyyətinə uyğun formalaşır.
O bildirib ki, bazarda daha ucuz qiymətə satılan bəzi dondurmalar süd və süd yağı əvəzinə bitki yağları, quru süd, müxtəlif dadlandırıcılar, stabilizatorlar, emulqatorlar, ətirləndiricilər və kimyəvi rəngləndiricilərdən hazırlanır. Bəzi hallarda şəkər əvəzinə müxtəlif şərbətlərdən istifadə edilir.
Məhsəti Hüseynova qeyd edib ki, bu cür məhsulların mütəmadi istehlakı sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Keyfiyyətsiz bitki yağları ürək-damar xəstəlikləri və xolesterolun yüksəlməsi riskini artıra, kimyəvi qatqılar isə allergik reaksiyalara, xüsusilə uşaqlarda hiperaktivliyə səbəb ola bilər. Ucuz dadlandırıcıların həddindən artıq istifadəsi insulin müqavimətinə təsir göstərə, dəri problemlərinin yaranmasına şərait yarada bilər.
Onun sözlərinə görə, təbii südün tərkibində kalsium və digər qida maddələri daha çox olduğundan quru süddən hazırlanan dondurmaların qida dəyəri də aşağı olur. Belə məhsulların qəbulundan sonra bəzi insanlarda şişkinlik, köp, qəbizlik, dəridə səpgilər, qızartı və qaşınma kimi hallar müşahidə oluna bilər.
Mütəxəssis bildirib ki, konservantlar, stabilizatorlar, emulqatorlar və digər kimyəvi qatqılarla hazırlanmış, uzun saxlama müddətinə malik ucuz dondurmaların gündəlik istehlakı məsləhət görülmür.
Məhsəti Hüseynova istehlakçılara paketlənmiş dondurma alarkən etiket məlumatlarını diqqətlə oxumağı tövsiyə edib. Onun sözlərinə görə, qablaşdırma zədələnməməli, üzərində istehsalçı şirkətin məlumatları, istehsal və son istifadə tarixləri, saxlanma şəraiti aydın şəkildə göstərilməlidir. Məhsulun tərkibi nə qədər sadədirsə və əsas hissəsini süd, qaymaq, süd yağı və şəkər təşkil edirsə, həmin dondurmanın keyfiyyətli olma ehtimalı da bir o qədər yüksəkdir.
Mütəxəssis əlavə edib ki, dondurma 18 dərəcə və ya daha aşağı temperaturda saxlanılmalıdır. Məhsulun forması dəyişibsə, ərimə əlamətləri müşahidə olunursa və ya yenidən dondurulduğu hiss edilirsə, belə dondurmanı almaq və istehlak etmək tövsiyə olunmur. Həmçinin dondurmanı yeyərkən ağızda acı və ya xoşagəlməz dad hiss olunması da məhsulun keyfiyyətsiz olduğunun göstəricisi ola bilər.
- Fidan Abbaszadə





