Mövsümündən əvvəl satışa çıxarılan çiyələk, alça və bu kimi məhsulların keyfiyyəti və sağlamlıq baxımından nə qədər təhlükəsiz olduğu məsələsi müzakirə mövzusuna çevrilib.
Bəs ilin bu vaxtında satılan bu meyvələri istehlak etmək nə qədər məqsədəuyğundur?
Mövzu ilə bağlı Patrul.az-a danışan sağlam qida təbliğatçısı Asim Vəliyev bildirib ki, aprel ayında bazarlarda gördüyümüz çiyələk və alça mövzusu həm qida təhlükəsizliyi, həm də orqanoleptik keyfiyyət baxımından ciddi analiz edilməlidir:
“Aprel ayında satılan çiyələk və alça ya istixana şəraitində yetişdirilir, ya da cənub ölkələrindən idxal edilir. Bu meyvələrin təbiiliyi yox, daha çox yetişdirilmə zamanı istifadə olunan nitratlar və stimulyatorlar əsas risk faktorudur.
Bu meyvələrin mövsümdən əvvəl rəflərdə olmasının bir neçə səbəbi var. Ölkəmizin cənub zonalarında və Bakı ətrafı kəndlərdə qızdırılan istixanalarda yetişdirilirlər. Burada günəş işığı az olduğu üçün meyvə təbii şəkərini toplaya bilmir. Nəticədə dadı ot kimi olur. Meyvənin tez böyüməsi, eyni rəngdə qızarması üçün stimulyatorlarından istifadə edilə bilər. Bu bitkinin hüceyrələrini su ilə doldurur. Ona görə də aprel çiyələyi böyük, amma daxili boş və dadsız olur. Erkən məhsul almaq üçün torpağa normadan artıq azotlu gübrələr verilir. Günəş az olduqda bitki bu azotu emal edə bilmir və meyvədə nitrat şəklində yığılır”.
Mütəxəssis vurğulayıb ki, təbii çiyələyin ətri 2-3 metr məsafədən hiss olunmalıdır:
“Əgər çiyələyi burnunuza yaxınlaşdırdıqda heç bir qoxu gəlmirsə, təbii olmadığını deyə bilərik. Alça həddindən artıq parlayırsa və dişləyəndə içi tamamilə ağdırsa, çəyirdəyi hələ formalaşmayıbsa onun hələ tam hazır olmadığını göstərir. Çiyələyin içi boşdursa, saplağı tünd yaşıldırsa, kimyəvi müdaxilənin əlamətidir.
Erkən mövsüm meyvələrini yeməzdən əvvəl 15-20 dəqiqə soyuq suda saxlamalıyıq. Səthdəki pestisidlər və nitratların bir hissəsi su ilə nisbətən təmizlənsin”.
- Fidan Abbaszadə






