Təbiət insan orqanizmi ilə ahəng içində işləyən bir sistemdir və qidalanmada bu tarazlığı qorumaq sağlamlığın əsas şərtlərindən biridir. Marketlərdə ilin istənilən vaxtında demək olar ki, bütün meyvələri tapmaq mümkündür. Lakin hər məhsulun öz təbii yetişmə dövrü var və mövsüm amilini nəzərə almamaq həm qida dəyərinə, həm də sağlamlığa təsirsiz ötüşmür. Xüsusilə meyvə seçərkən mövsüm faktoru mühüm rol oynayır.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev Missiya.Az-a açıqlama verib.
Ekspert bildirib ki, hər meyvənin öz yetişmə mövsümü var və qida zəncirində təbiilikdən uzaqlaşmaq metabolik sağlamlığa təsir göstərə bilər:
“Mövsümündə yetişən meyvələr adətən daha yaxın məsafədən gətirilir, daha az müddət saxlanılır və həm dad, həm də qida dəyəri baxımından daha üstün olur. Mövsümi olmayan meyvələr isə çox vaxt süni şəraitdə yetişdirilir və uzun müddət saxlanılır. Bu isə onların yalnız dad və təravətini deyil, biokimyəvi tərkibini də dəyişə bilər. Saxlanma müddəti artdıqca bəzi vitaminlərin miqdarı azalır, daşınma və depo şəraiti isə qida sıxlığının aşağı düşməsinə səbəb olur”,- qida eksperti bildirib.
Asim Vəliyevin sözlərinə görə, belə məhsulların yetişdirilməsi zamanı daha çox funqisid və insektisid istifadə oluna bilər. Bəzi hallarda meyvələrin nəm itirməməsi üçün üzərinə nazik qoruyucu örtük çəkilir. Etilen qazı təbii yetişmə prosesinin bir hissəsi olsa da, bazar şəraitində yetişməni sürətləndirmək və tənzimləmək üçün də tətbiq olunur. Bu maddələrin uzunmüddətli və həddindən artıq qəbulu endokrin sisteminə mənfi təsir göstərə və qaraciyərin toksinləri zərərsizləşdirmə yükünü artıra bilər.
“İstixanalarda yetişdirilən meyvələrdə günəş işığının məhdudluğu və sürətli böyüməni təşviq edən azotlu gübrələr nitrat yığılmasına səbəb ola bilər. Xarici görünüşcə cəlbedici olan bu meyvələrin bioloji dəyəri isə bəzən gözləniləndən aşağı olur.
Kimyəvi qalıqları azaltmaq üçün meyvələri 10–15 dəqiqə soda qatılmış suda saxlamaq adi su ilə yumaqdan daha effektiv hesab edilir. Bununla yanaşı, axar suda diqqətlə yumaq çox vaxt kifayət edir. Qabığı yeyilən meyvələrdə gigiyena qaydalarına xüsusi diqqət yetirmək vacibdir; bəzi hallarda qabığını soymaq daha təhlükəsiz seçim ola bilər. Mövsümündə dondurulmuş meyvələr isə düzgün saxlanıldıqda mövsümdən kənar təzə məhsullarla müqayisədə daha çox vitamin saxlaya bilir”, – A.Vəliyev əlavə edib.
- Fidan Abbaszadə






