“Açıq şəkildə satılan kolbasa kimi məhsullar ciddi sağlamlıq riskləri daşıyır, bu məhsulları aldıqda diqqətli olmaq vacibdir”.
Bunu Metbuat.az-a açıqlamasında qida üzrə ekspert Asim Vəli deyib. Onun sözlərinə görə, ilk olaraq belə məhsullar təbii şəraitdə, xüsusilə isti havalarda düzgün saxlanılmadıqda qida zəhərlənməsinə səbəb olur:
“Bu məhsulların saxlanma şəraitinə ciddi diqqət yetirmək lazımdır, çünki onlar yüksək risk qrupuna aid olan məhsullardır və yüksək temperaturda tez xarab olurlar. Əgər məhsullar lazımi temperaturda saxlanılmırsa, bakteriyalar, xüsusilə “salmonella” və ya “listeria” kimi zərərli mikroorqanizmlər çoxalır ki, bu da ciddi xəstəliklərə səbəb ola bilir. Soyuducu sistemi olmayan yerlərdə satılan məhsulların təhlükəsizliyi təmin olunmur. Bu səbəbdən, belə məhsulları alarkən onların düzgün saxlanma şəraitində saxlanılmasından əmin olmalıyıq”.
Ekspert bildirib ki, belə məhsulların mənşəyinə də diqqət yetirmək vacibdir:
“Məhsulun istehsalçısını, istehsal icazəsinin olmasını, qablaşdırmanın zədəsiz olmasını və son istifadə tarixinin keçmədiyini yoxlamaq lazımdır. Təəssüf ki, açıq hava şəraitində satışla məşğul olan bəzi yerlər məhsulların keyfiyyətini təmin etmir və bu da istehlakçı üçün risk yaradır.
Keyfiyyətsiz və gigiyenik olmayan məhsulların istifadəsi yalnız qida zəhərlənməsi deyil, həm də uzunmüddətli sağlamlıq problemlərinə gətirib çıxara bilər. Ümumilikdə, sağlamlığınızı qorumaq üçün belə məhsulları daha təhlükəsiz, rəsmi və nəzarət olunan yerlərdən almaq daha doğru yanaşma olar”.
- Hüseynli Nərgiz