Məhsəti Hüseynova: Enerji içkilərinin əsl tərkibi

enerji içkisi
0 Shares

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparıb. Tədqiqatlar əsasında AQTA açıqlayıb ki, enerji içkisi adı altında satılan bəzi məhsullar əslində enerji içkisi yox, sadə alkoqolsuz qazlı şirin içkilərdir. Bu səbəbdən onların qutuları üzərində istehlakçını aldadaraq enerji içkisi təəsüratı yarada biləcək dizayn elementlərini, şüarları ləğv etmək tələb olunur.

Aparılan araşdırmadan sonra sual yaranır: bəs enerji içkiləri əslində hansılardır? Bu içkilərin orqanizmə nə kimi fayda və zərərləri var?

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AQTA-nın addımını təqdirəlayiq hesab etsə də, həm də qurumu tənqid edib.

Onun fikrincə, AQTA araşdırmanın nəticələrini ictimaiyyətə açıqlamamalı idi:

“AİB olaraq daima enerji içkilərinə əlçatanlığın azaldılması işini aparmışıq. Bu sahədə dövlət orqanları da bizə kömək edib. Əlbəttə, mən daima insanların enerji içkiləri istehlak etməməsinin tərəfində olmuşam. Üzərində yazılanla tərkibi düz gəlməyən tək enerji içkiləri yox, başqa bu kimi “n” sayda məhsullar var. AQTA-da İctimai Şuranın üzvü olaraq dəfələrlə məsələ qaldırmışam ki, etiketdə yazılanla məhsulun tərkibini araşdıraq. Lakin mənə daima “Hə, hə” cavabı verilsə də, rəhbərlik səviyyəsində heç bir iş görülməyib.

AQTA Azərbaycanda satılan enerji içkilərinin tərkibinin daha uyğun olması, daha az zərərli olması üçün işlər görür və bu, alqışa layiq addımdır. Əgər o enerji içkisinə tərkibində olan maddələrdən az vurulubsa, suya çox bənzəyirsə, mən AQTA yerində olsaydım, sakit durardım. Arzu edərdim ki, istehlakçılar aldadılsınlar, enerji içkisi yox, elə, su içsinlər”.

Eyyub Hüseynov bildirib ki, AQTA enerji içkilərini araşdırmaqla mövzunu bağlamamalıdır. Onun sözlərinə görə, araşdırmanın nəticələri əsaslandırılmalıdır: “Bu, parodoksal haldır, dövlət orqanı da yoxlama keçirir. Belə çıxır, dövlət orqanı məcbur edəcək ki, suyabənzər maye enerji içkisinə çevrilsin. Əlbəttə, AİB buna imkan verməyəcək. AQTA-nın siyahısında təəssüf ki, “enerji içkisi nədir?” sualına cavab yoxdur. Mütləq bunlar ortalığa çıxmalıdır. Üstəlik, ölkədə etiketi və tərkibi ilə uyğunlaşmayan çoxsaylı təhlükəli mallar var.

Hansı malın etiketində yazılanla tərkibi düzgün gəlmirsə, o tərkib istehlakçıya zərər etmirsə, əksinə, xeyir edirsə, AİB susardı. Mütləq AQTA digər içkilərin nə olduğu cavabını da verməlidir.

Əgər içki sektorundan çıxsaq, kolbasaların, ət məhsullarında da bu kimi problemlər var. istehlakçılar xüsusilə Rusiyadan, Türkiyədən gələn bəzi ət məhsullarında bu kimi problemlərlə qarşılaşırlar. AQTA üzünü digər mallara da çevirməlidir”.

Ekspertin də dediyi kimi, məhsulların əsl tərkibi açıqlanmayıb. Enerji içkisi əslində necə olmalıdır?

Məhsəti Hüseynova

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, kimyəvi maddələrdən və vitaminlərdən, eləcə də minerallardan istifadə edərək enerji içkisi hazırlanır. Onun sözlərinə görə, bu içkilərin tərkibindəki yüksək şəkər, yüksək kofein orqanizmin funksiyalarını pozur:

“Bu standartlarda istehsal olunan enerji içkiləri o demək deyil ki, uyğundursa, sağlamlığa faydalıdır. Onların da digər rəngli, qazlı içkilər kimi zərərləri var. Eyni zamanda təbii olmayan jenşen, yaxud quarana kimi bitkilərdən istifadə edirlər. Onlar kimyəvi, sintetik maddələrdən hazırlandığı üçün içdikdə heç də orqanizmə enerji vermir. Əksinə, orqanizmin günlük enerjisini 10-15 dəqiqə ərzində süni şəkildə oyadır, aktivləşdirir və o müddətdən sonra enerji birdən-birə aşağı düşür. Belə olduqda da insanlarda həmin içkilərinə asılılıq yaranır.

AQTA-nın bu kimi araşdırmaları mütəmadi aparılır. Təxminən 30 içkidən nümunə götürüldü, yalnız 5-i enerji içkisi standartlarına uyğun oldu. Digərləri də dediyimiz kimi rəngli, qazlı içkilərdəndir. Amma onların tərkibində də bu gün satışda olan monopotassium, glutamate adlı maddə var”.

Ekspert bildirib ki, sözügedən içkilər xüsusilə 18 yaşa qədər insanlarda əqli inkişafın qarşısını alır, yaddaşsızlıq, alzayemer kimi xəstəliklərə səbəb olur: “Bu gün uşaqlarda, məktəblilərdə qazlı, rəngli içkilərə tələbat var. Onların tərkibində süni dadlandırıcılar, kofeinin yüksək olması orqanizmin zəhərlənməsinə, dişlərin çürüməsinə, kalsium əskikliyinə gətirib çıxarır. Ümumiyyətlə, yaşdan asılı olmayaraq bunlardan birdəfəlik imtina etmək lazımdır. Çünki onları istifadə edən orta yaşlı insanlar ürək tutmasından əziyyət çəkir. Həddindən artıq şəkər olduğuna görə qaraciyər piylənməsinə səbəb olur.

Tərkibindəki jenşen cinsi yetişkənlik zamanı düzgün inkifaşın qarşısını alır, orta yaşlarda cinsi fəaliyyəti zəiflədir. Bu da gələcəkdə sonsuzluğa, uşaqların xəstə doğulmasına səbəb olur. Bununla yanaşı, daha bir aldadıcı məqam həmin içkilərin tərkibində B qrup vitaminlərin çox olması ilə bağlıdır. Bu, yanlışdır.

İnsanlar normal şəkildə qidalansa, bu vitaminləri təbii şəkildə alacaq. İçkinin üzərində yazılanlar heç də onun tərkibini əks etdirmir, bunlar sadəcə biznes marağı və hiylədir.

Xüsusilə hamilə, südverən qadınlar, yeniyetmələr, yaşlılar, diabet xəstəliyi, həzm problemi, böyrək çatışmazlığı, yüksək təzyiq problemi olanlar bu içkilərdən uzaq durmalıdırlar”.