Marketlərdən aldığımız bu məhsullar bizi yavaş-yavaş zəhərləyir! – Mütəxəssis Asim Vəliyevdən XƏBƏRDARLIQ:

0 Shares

Son illərdə sürətli həyat tərzi insanların qida seçimlərinə də təsir edib. Mağazalarda geniş yayılmış hazır yeməklər, yarımfabrikatlar və müxtəlif qəlyanaltılar rahatlığı ilə seçilsə də, sağlamlığımız üçün təhlükəsi də az deyil. 

Hazır qidaların sağlamlıq üçün hansı gizli zərərləri var?

Mövzu barədə sağlam qida təbliğatçısı Asim Vəliyev Patrul.az-a fikirlərini bölüşüb:

“Kənd həyatından şəhər həyatına keçid, fiziki aktivliyin azalması, vaxt məhdudiyyəti səbəbindən mətbəxdən uzaqlaşıb marketlərdə satılan hazır qidalara yönəlmişik.

Hazır qidaların çoxu ultra-emal olunmuş kateqoriyaya daxildir. Bu o deməkdir ki, məhsulun tərkibindəki əsas maddələr emal prossesi keçir. Sonra kimyəvi dadlandırıcılar, rəngləndiricilər, emulqatorlar qatılır. Bu proses zamanı qidanın təbii lifləri, vitaminləri və mineralları demək olar ki, tamamilə məhv olur. Nəticədə qarşımızdakı qida kalori yığımından ibarət sənaye məhsulu olur”.

Mütəxəssis qeyd edib ki, hazır qidaların, hətta dadı duzlu olanların belə içində yüksək miqdarda şəkər, ya da fruktoza şərbəti olur:

“Çünki şəkər ən ucuz konservantdır və dadı yaxşılaşdırır. Ketçuplardan tutmuş hazır dondurulmuş pizzalara qədər hər şeydə gizli şəkər var. Bu, orqanizmdə insulin müqavimətini artırır və piylənməyə səbəb olur. Gündəlik duz istehlakının 5 qramdan çox olmaması tövsiyə olunur. Cəmi bir porsiya hazır şorba, ya yarımfabrikat kolbasa məmulatı bu normanı asanlıqla keçə bilər. Sənaye duzu qidanın rəf ömrünü uzatmaq üçün istifadə olunur. Bu isə yüksək qan təzyiqi, böyrək yükünün artması və ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir.

Yarımfabrikatların istehsalında çox vaxt bitki yağlarının hidrogenləşdirilməsi ilə alınan trans yağlardan istifadə olunur. Bu yağlar ucuzdur və məhsula xırtıltı verir. Trans yağlar damarların daxili divarına yapışaraq iltihabi prosesləri başladır və infarkt riskini dəfələrlə artırır”.

“Məhsulun üzərindəki etiketdə gördüyünüz uzun və qəliz adlar çox vaxt stabilizatorlar, konservantlar və dad gücləndiriciləridir. E621 adlı mononatrium qlutamat qidalara qarşı asılılıq yaradır. Bəzi rəngləndiricilər isə uşaqlarda hiperaktivliyə və diqqət dağınıqlığına səbəb olduğu elmi şəkildə sübut edilib.

Yarımfabrikatlar, xüsusilə ət və süd əsaslı olanlar bakteriyalar üçün əla mühitdir. Əgər istehsal zamanı HACCP qaydalarına əməl olunmayıbsa, ya da marketdə soyuq zəncir qırılıbsa, həmin qida zəhərlənmə mənbəyinə çevrilir. Listeria və salmonella kimi təhlükəli bakteriyalar hazır salatlarda, yarımbişmiş məhsullarda tez-tez rast gəlinir”,– deyə o əlavə edib.

  • Fidan Abbaszadə