Məhsulları dondurarkən hansı məqamlara diqqət etməliyik? — TÖVSİYƏLƏR

Dondurulma
0 Shares

Mətbəxdə dondurulmuş qidalar geniş istifadə olunur. Mövsümündə tədarükünü etdiyimiz və soyuducuda dondurduğumuz meyvə, tərəvəzlərdən, hətta ət məhsullarından il boyu faydalanırıq.

Məhsulları dondurarkən hansı məqamlara diqqət etməliyik?

Qida təhülkəsizliyi üzrə ekspert Asim Vəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, məhsulların dondurulması onun qida dəyərini qoruyur. Düzgün şəkildə donu açılarsa sağlamlıq baxımından ziyanı olmaz. Donu açılmış məhsul qəti şəkildə yenidən dondurulmamalıdır.

A.Vəliyev qeyd edib ki, qədim dövrlərdən insanlar qidaları donduraraq mühafizə edib. Bu üsuldan geniş istifadə isə müasir texnologiyanin inkişafı ilə bərabər 20-ci əsrdə baş verdi.

“Dondurulmuş qidanın sənaye üsulu istehsalı ilk dəfə Amerikada, daha sonra Avropada baş verib. Ölkəmizdə 80-ci ilin sonlarından etibarən istifadəsinə başlanılmış dondurulmuş qidalar dövrümüzdə xüsusilə şəhər həyatında geniş yayılıb”.

Ekspertin sözlərinə görə? dondurma prosesində qidanın tərkibində olan mikroorqanizmlərin çoxalmasının qarşısı alınır. Bu həm də məhsulun orqanizmə faydalarını artırır.

“Çöldə iki saatdan bir sayı iki dəfə artan mikroorqanizmlərin çoxalması qida soyuducuda olduqda yavaşlayır. Beləcə qidalar daha uzun müddət istifadəyə yararlı olur. -18°C-də dondurma sayəsində qidalar xarab olmadan aylarla təzə qalır, hətta onu illərlə saxlamaq mümkün olur.

Düzgün şəkildə dondurulan qidaların orqanizmə faydası var. Məhsulların vitamin, mineral maddə, kalori və s. qida dəyərində itki olmur, həmçinin qatqısız olur. Təmizlənmiş halda saxlanıldığı üçün mətbəxdə əlavə vaxt itirmək lazım gəlmir. Yerinə və mövsümünə görə təzəsindən daha ucuz ola bilər”.

Qida təhlükəsizliyi üzrə ekspert əlavə edib ki, qidaların dondurularaq saxlanılması təzəliyinin qorunması üçün ən yaxşı metoddur. Ancaq bunun faydalı olması üçün dondurmadan əvvəlki proseslərdə, dondurma əsnasında və donun açılmasında lazımi qaydalara riayət olunmalıdır.

Asim Vəliyev

“İlk olaraq dondurmaq üçün təzə və zədələnməmiş meyvə, tərəvəzlər seçilməlidir. Meyvə – tərəvəzləri əvvəlcə yuyub, təmizləmək, lazım olanları şok xaşlama etmək lazımdır. Şok xaşlama tərəvəzləri 30 saniyəyə yaxın qaynar sudan keçirərək edilir. Beləcə tərəvəzlərin təngləri daha yaxşı qorunur və bakterial yükdə böyük miqdarda azalma baş verir. Xaşlanan tərəvəzlərin suyu yaxşıca süzülməli, kağız dəsmalla qurudulmalıdır.

Meyvə, tərəvəzlər, həmçinin ət və digər qidalar bir dəfəyə bişirilib porsiyalar halında paketlənməlidir. Donu açılmış qidaları qəti şəkildə yenidən dondurmaq olmaz”.

Ətin dondurulmasında diqqət edilməsi vacib məqamlardan biri də onun ətrafının hava daxil olmayacaq şəkildə sarınmasıdır. Ekspert deyib ki, əks halda, açıqda qalan hissədə donma yanığı deyilən açıq çəhrayı rəngdə süngərvari bir təbəqə meydana gəlir.

“Don yanığı olan hissədə quruluş olaraq pozulma baş verir və qida dəyərində itki olur. Həmçinin dadında da dəyişiklik hiss olunur.

Çörəklərin boyatlamasının, kiflənməsinin qarşısını almaq üçün də ən yaxşı metodlardan biri dondurmaqdır. Çörəklər dondurucuda 2-3 aya qədər təzəliyini qoruyur. Əgər çörəyin sadəcə bir neçə dilimi yeyiləcəksə, bu halda ən yaxşı yol çörəyi dilimləyib dondurmaqdır. Bu zaman da paketin içində hava qalmamasına diqqət edilməlidir”.

Son olaraq A.Vəliyev düzgün don açılma üsulları barədə də məlumat verib:

“Meyvə və tərəvəzlərin, ət və çörəklərin donunun açılması bir-birindən fərqlidir. Tərəvəzləri bişirərkən suya donu açılmadan atılmalıdır. Əgər donu açılaraq bişirilərsə, hüceyrə quruluşları pozulur və qida dəyəri azalır. Donmuş tərəvəzlərin bişmə müddəti təzəyə nisbətdə 3 dəfə azdır.

Dondurulmuş ətlərsə bişirilmədən əvvəl mütləq donu açılmalıdır. Bununçün ən çox istifadə olunan metodlardan biri otaq temperaturunda saxlamaqdır, lakin bu, ziyandır. Çünki otaq temperaturunda saxlayanda mikroorqanizmlər sürətlə çoxalaraq ətin mikrobioloji yükünün artmasına səbəb olur. Sağlam metod əti soyuducunun dondurucu bölməsindən çıxarıb digər bölməsinə qoymaqdır. Ətin donunun açılması üçün istifadə olunan metodlarından biri də isti suya salmaqdır. Digər qısa və praktik metodlardan biri də mikrodalğalı sobada donunu açmaqdır. Ancaq bu metodu tövsiyə etmirik.

Dondurulmuş çörəklərsə otaq temperaturunda istifadəyə hazır vəziyyətə gətirilə bilər. Çörəyin donu bir az açıldıqdan sonra tosterlə prosesi sürətləndirmək olar”.

Törə Zeynallı
Demokrat.az