Küçələrdə satılan TƏHLÜKƏ – Qrillərin keyfiyyətinə kim NƏZARƏT EDİR?

Qril
0 Shares

Qril satılan bəzi yerlərdə gigiyenik normalara riayət edilmir. Əksəriyyətimiz istər şəhər mərkəzlərində, istərsə də şəhər ətrafında dönərxanalarda, kiçik kafelərdə, təndir evlərində bu halları müşahidə edirik. Hətta antisanitar mühitdə, gigiyenik qaydalar gözlənilmədən bişirilmiş toyuq qrillər satışa çıxarılır.

Üstəlik toyuqların bişirildiyi sobaların nə qədər müddətdən bir təmizləndiyi bəlli deyil, bişirilən toyuqların bişmədən öncə saxlanma şərtlərinə riayət olunub-olunmadığı da bilinmir. Onların bişirildikdən sonra hansı şəraitdə saxlanılaraq satışa çıxarıldığı da şübhəlidir.

Qida üzrə ekspert Asim Vəliyev Bizim.Media-ya açıqlamasında qrilin təhlükəsindən söz açıb.

MÖVZU İLƏ BAĞLI:

“Broyler toyuqları tez kəsib, kənd çolpası adı ilə SATIRLAR” – SENSASİON İDDİA

Onun sözlərinə görə toyuq əti salmonella bakteriyası riski daşıyan və tez xarab olan məhsuldur.

Xüsusilə də isti havalarda toyuqdan zəhərlənmə riski daha çoxdur:

“Ət və ət məhsulları yüksək risk qrupuna daxil olan qida məhsullar olduğuna görə belə qidalardan zəhərlənmə ehtimalı var. Ona görə də qril alarkən bəzi nüanslara fikir vermək mütləqdir. Salmonella bakteriyası orqanizmə daxil olduqdan sonra ishala, mədə bulantısına, baş ağrısına səbəb olur. Bu baxımdan toyuq alarkən ilk mərhələdən son mərhələyədək soyuq zəncirin qorunmasına diqqət etmək lazımdır.

Toyuq bişirilən sobalar mütəmadi təmizlənmədiyi üçün öncə bişmiş toyuğun bişərkən aparata axıb tökülmüş yağı, piyi, qanından qaynaqlanan mikroorqanizmlər sonra bişirilən toyuğa da bulaşa bilir. Beləliklə təmiz olaraq bişirilən toyuq belə çirklənmiş olur. Bu şəraitdə satılan toyuq qrillər də insan sağlamlığı üçün ciddi təhlükə yaradır”.

Ekspert qeyd edir ki dondurulmuş toyuqlar bişirilmədən əvvəl donu açılarkən soyuq su, ya da ən çox +4 dərəcə temperaturda saxlanılmalıdır:

“Toyuq tez xarab olan qida məhsulu olduğu üçün aldıqdan sonra dondurucuda saxlanılmalıdır. Otaq temperaturunda donun açılması zamanı mikroorqanizmlər artaraq çoxalmağa başlayır və qida zəhərlənməsinə səbəb ola bilir. Mikrodalğalı sobada isə don açıldıqda toyuğun bioloji quruluşu pozula bilir”.

Ekspert onu da vurğulayıb ki hər bir istehlakçı toyuğun bişirilmədən əvvəl hansı şəraitdə saxlandığını, bişirilərkən gigiyenik tələbələrə riayət edilib-edilmədiyini sorğulamalıdır:

“Bütün bu sadaladığımız saxlanma şərtlərinə, gigiyenik tələblərə çox az toyuq qrili bişirilən obyektlərdə riayət olunur. Bu baxımdan istehlakçılar hansı şəraitdə bişirilərək satışa çıxarılan toyuq qrillərini almadan bir dəfə daha düşünməlidirlər.

Üstəlik toyuq bişirildiyi gün qısa müddətdə yeyilməlidir. Halbuki bişirilməsinin üzərindən günlər keçmiş toyuq qrillərinin də isidilərək yenidən satıldığının şahidi oluruq. Bunlara fikir vermədiyimiz təqdirdə qida adı ilə xəstəlik satın almış olarıq”.

Mövzu ilə bağlı AQTA-ya sorğu ünvanlasaq da, suallarımız cavabsız qalıb.