“Konserv məhsullarında əsas qoruyucu vasitə duzdan istifadə olunur. Duz mikroorqanizmlərin çoxalmasını azaldır. Amma uzun müddət yüksək duzlu qidaların qəbulu qan təzyiqini yüksəldə bilər. Bu hal ürək-damar xəstəlikləri riskini artırır. Xüsusilə hipertoniya və böyrək problemi olan şəxslər üçün bu risk daha yüksəkdir”.
Bu məhsulların zərərləri haqqında qida eksperti Asim Vəliyev Missiya.Az-a açıqlamasında deyib ki, konserv balıqlarda və ətlərdə istifadə olunan yağlar da önəmlidir:
“Bitki yağı, ucuz rafinə olunmuş yağlar uzunmüddətli istifadə zamanı damar elastikliyinə mənfi təsir göstərə bilər. Kalorisi yüksək olduğu üçün artıq çəki riskini də artırır. Müasir sənaye üsulu konservlərdə güclü kimyəvi konservantlardan geniş istifadə olunmur. Ancaq natrium əsaslı qatqılar yenə də orqanizmə əlavə yük yaradır. Uzunmüddətli və tez-tez istehlak böyrəklərin filtrasiya yükünü artırır. Tövsiyə olunan konserv məhsullar fasiləsiz və gündəlik qida kimi istifadə olunmamasıdır”,- ekspert bildirib.
Asim Vəliyevin sözlərinə görə, konservlərin metal qablaşdırması normal şəraitdə təhlükəsizdir. Bəzi hallarda isə risk yarana bilər. Əsasən şişmiş, paslanmış, əzik və ya zədələnmiş konservlər təhlükəlidir. Bu cür hallarda metal ionları qidanın tərkibinə keçə bilər. Turş mühitdə olan məhsullarda bu risk daha yüksəkdir. Balıq konservləri və souslu ət məhsulları buna daha həssasdır. Konservin son istifadə tarixi keçibsə, qab uzun müddət isti və rütubətli mühitdə saxlanılıbsa, qapaqda şişmə və ya sızma varsa bu hal riskli hesab olunur. Belə məhsullardan uzaq durmalıyıq. Dadına baxmaqla yoxlamaq da düzgün deyil.
“Nəzərə almalıyıq ki, konservləşmə zamanı yüksək temperatur tətbiq olunur. Bu proses bəzi qida maddələrinin azalmasına səbəb olur. Zülal baxımından itki minimaldır. Zülal əsasən qorunur. Bu baxımdan konservlər hələ də zülal mənbəyi sayılır. Omega-3 yağ turşuları isə qismən azalır. Xüsusilə balıq konservlərində oksidləşmə riski var. Yağlı balıqlar təzə halda daha faydalıdır. Vitaminlərdə itki isə daha çoxdur. Xüsusilə C vitamini və bəzi B qrup vitaminləri konservləşmə zamanı xeyli azalır. Bu hal sağlam qidalanma baxımından əhəmiyyətlidir. Çünki vitaminlər orqanizmin müdafiə sistemində mühüm rol oynayır. Ümumiyyətlə konserv məhsullar əsas qida yox alternativ qida olaraq seçilməlidir”, -A.Vəliyev əlavə edib.
- Nərgiz Hüseynli






