Kolbasa və sosiska bütün dünyada çox məşhur bir məhsuldur. Bəzi ölkələr hətta onların şərəfinə milli bayramlar keçirirlər. Müasir bir insanın həyatını onlarsız təsəvvür etmək olduqca çətindir.
Bəs kolbasa və sosiskaların tərkibində orqanizmimiz üçün təhlükə yaradacaq maddələr varmı? Niyə bu məhsulları çox istehlak etməmək məsləhət görülür?
Sağlam qida təbliğatçısı Asim Vəliyev Patrul.az-a açıqlamasında məlumat verib ki, kolbasa və sosiskalar emela olunmuş ət məhsuludur. Yəni ətə duz, ədviyyat və qoruyucu maddələr əlavə olunur. Sonra xüsusi üsulla hazırlanır. Əsas müzakirə olunan maddələrdən biri nitritdir. Etiketdə E250 yazıla bilər. Nitrit qidanı mikroorqanizmdən qorumağa kömək edir. Amma çox və tez-tez qəbul ediləndə, xüsusən yüksək temperaturda qızardanda arzuolunmaz birləşmələrin yaranması ehtimalı artır”.
Mütəxəssis digər məsələnin duz olduğunu bildirib:
“Kolbasa və sosiska adətən duzlu olur. Duz çox olanda bəzi insanlarda təzyiq yüksəlməsinə səbəb ola bilir. Başqa səbəb yağ və kaloridir. Bəzi növlər kifayət qədər yağlı olur. Bu da rasionda balans pozulanda çəki artımına və metabolik problemlərə səbəb ola bilir.
Bu məhsullar hazır yemək kimi rahatdır. Ona görə porsiya və tezlik asanlıqla artır. İnsan fərqinə varmadan hər gün yeməyə başlayır.
Ümümdünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri sağlamlıq riski baxımından ən yüksək sübut qrupuna daxil edir. Söhbət bir dəfə yeməkdən yox, mütəmadi yeməkdən gedir. Nə qədər çox, nə qədər tez-tez olarsa, risk bir o qədər artır.
Marketlərdə aldığımız məhsulların etiketində mexaniki ayrılmış ət yazısı varsa, əslində ətin ən aşağı keyfiyyətli hissəsi deməkdir. Bu prosesdə sümük qalıqları, qığırdaqlar və digər toxumalar yüksək təzyiqlə ayrılaraq xəmir halına salınır. Bu qarışığın dadını və qoxusunu düzəltmək üçün isə onlarla müxtəlif aromatizator və dadlandırıcı əlavə edilir”.
A.Vəliyev məhsulu alarkən çox parlaq rəngli olana yox, daha təbii, bozumtul çalarlı məhsullara üstünlük verməli olduğumuzu qeyd edib:
“Etiketdə tərkibində nişasta, soya və kimyəvi qatqı siyahısı uzun olan məhsulları almasaq yaxşı olar.
Sosiskaları yağda qızartmasaq yaxşıdır. Qızartma prosesi kanserogen maddələrin yaranmasını sürətləndirir. Qaynatmaq nisbətən daha təhlükəsizdir. Bu məhsulları mütləq bol vitaminli tərəvəzlərlə və göyərti ilə istehlak etməliyik. C vitamini kimyəvi qatqıların zərərini qismən neytrallaşdıra bilir.
Əsas odur ki, bu məhsulları yeməyi gündəlik vərdişə çevirməyək. Etiket oxumaq, duzu yüksək olan məhsulları az seçmək və rasionu daha çox təbii qidalarla balanslamaq. Qadağa deyil, şüurlu seçim söhbətidir”.
- Fidan Abbaszadə






