“Orqanizmi enerji ilə təmin edən qidalardakı karbohidratlar, yağlar və zülalların miqdarı və onların öz daxilində paylanması qidanın çəki artırma xüsusiyyətini müəyyən edir. Həmçinin qidanın tərkibindəki su və lif kimi kalorili olmayan komponentlərin miqdarı, həmin qidanın həcminə nisbətdə orqanizmə verdiyi enerjini artıra və ya azalda bildiyi üçün onun çəki artımına səbəb olma ehtimalını müəyyən edən digər amillərdir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Asim Vəliyev sözlərinə belə davam edib: “Əvvəla bilinməlidir ki, bir çox sağlam və ya zərərli qidalar heç bir ölçüyə diqqət etmədən çox miqdarda qəbul edildikdə kökəlməyə meyli artıracaq. Bəzi istisna hal kimi aşağı enerjili qidalar çəki artımına çox təsir etməsə də, hər hansı qidanın çox istehlakı düzgün deyil. Bu səbəbdən sağlam və balanslı qidalanma sağlam kökəlmək və çəkisini nəzarət altında saxlamaq istəyən fərdlər tərəfindən əsas hədəf olmalıdır. Nəzarətsiz çəki artımı başda piylənmə olmaqla bir çox xəstəliyə səbəb ola bilər.
Sağlam və balanslı qidalanarkən taxıl, ət, yumurta, süd və süd məhsulları, meyvə və tərəvəzlər, paxlalılar, yağlı bitkilər lazımi çeşiddə istehlak edilməlidir. Rafinə edilmiş şəkər, çox miqdarda yağ və xüsusilə qablaşdırılmış qəlyanaltılar mümkün qədər azaldılmalıdır, çünki onlar çəkiyə nəzarət etməyi çətinləşdirir və sağlamlığa mənfi təsir göstərir. Bununla yanaşı bəzi qidalar da miqdarında istehlak edildikdə çəkiyə nəzarət etməyə mənfi təsir göstərmir. İstehlak miqdarı artdıqda kökəlməyə səbəb ola bilər.
Gündəlik həyatımızda tez-tez, zövqlə qəbul etdiyimiz bəzi qidalar orqanizmə vitamin, mineral və zülal baxımından fayda verə bilmir, yalnız yüksək kalorili olur. Bu qidalar insan orqanizminə və sağlamlığına heç bir fayda verməsə də, çox yüksək enerji tərkibinə görə boş enerji qaynağı olur. Tez kökəlməyə səbəb olan qidalar və ya arıqlamağa səbəb olan qidalar çipsi, souslu qidalar, kola və qazlı içkilər, hazır kofe qarışıqları, hazır souslar, keks, biskuvit, hər cür paketli qidalar və bir çox qidalardır. Bu cür boş enerji qaynağı olan qidalardan hər kəs uzaq durmalıdır. Sağlam çəki almağımıza kömək edəcək bəzi qidalara fındıq, badam, qoz, quru meyvələr, az yağlı ətlər, balıq, yumurta, süd və süd məhsulları, xurma və bir çox qidaları missal göstərə bilərik”.
- Hüseynli Nərgiz